ANAR BAYRAMLI NARKOTİK MADDƏNİN CİBİNƏ 4-CÜ POLİS BÖLMƏSİNDƏ QOYULDUĞUNU BİLDİRİB

 Bu gün (24 may) Binəqədi rayon məhkəməsində  İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Anar Bayramlı həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib və qeyd edib ki, narkotik maddəni onun cibinə Binəqədi rayon 4-cü polis bölməsində qoyublar. Prosesdə şahid kimi ifadə verən 4-cü polis bölməsinin əməkdaşı Rüfət Qasımov Anar Bayramlını özünü şübhəli apardığına görə saxladıqlarını və onun üzərindən narkotik maddə aşkar edildiyini bildirsə də, Bayramlı onu saxlayan polis əməkdaşları arasında Rüfət Qasımovun olmadığını bildirib.
Vəkil Anar Qasımlı isə ibtidai istintaq zamanı Anar Bayramlıdan vəkilin iştirakı olmadan ifadə alındığını və buna görə də həmin ifadənin əsassız olduğunu bildirib. İş üzrə digər şahidlər prosesə gəlmədiyi üçün proses 1 iyun saat 14:30-a təxirə salınıb.
Xatırladaq ki, “Səhər” telekanalının müxbiri Anar Bayramlı fevralın 17-də Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb.

Previous Post

POLİS İTV-NİN QARŞISINDA PİKET KEÇİRMƏYƏ İMKAN VERMƏYİB

Next Post

İTV-NİN QARŞISINDAKI AKSİYANIN DAĞIDILMASINDA JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.