ANAR MƏMMƏDOVUN “YENİ MÜSAVAT” VƏ “AZADLIQ” QƏZETLƏRİNƏ QARŞI İDDİASINA APELLYASİYA MƏHKƏMƏSİNDƏ BAX

İyunun 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Toğrul Əliyevin  sədrliyi ilə Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi ziyanın ödənilməsi iddiası ilə bağlı Yasamal rayon Məhkəməsinin 23 yanvar 2012-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə  məhkəmə prosesi keçirilib.

Bu barədə bu gün (7 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn məlumat verib.
Vəkilin sözlərinə görə, cavabdeh tərəf ilk olaraq məhkəmə tərkibinə etiraz edib və bunu həmin tərkibin əvvəllər  qəzetlərlə bağlı ədalətsiz qərar çıxarması ilə əsaslandırıb. Daha sonra çıxış edən iddiaçının vəkili  Ruslan Məmmədov sözügedən qəzetlərin daha yüksək məbləğdə cərimə edilməli olduğunu və iddiaçı tərəf kimi buna çalışacaqlarını deyib. Hətta “Lazım gəlsə, ”Yeni Müsavat"ın fəaliyyətinə də son qoyarıq” –deyə məhkəmədə hədələr səsləndirdiyini bildirib. Hakim T. Əliyev növbəti məhkəməni 12 iyun saat 16:00-a təyin edib.
            Xatırladaq ki, Anar Məmmədov “Azadlıq” qəzetinin  01 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər”,   “Yeni Müsavat” qəzetinin isə 02 iyul 2010-cu il tarixli sayında əlavələrlə eyni məqalədə və “Yeni Müsavat”  qəzetinin 14 sentyabr tarixli sayında dərc edilmiş “Şeyx Anar Məmmədovu Dubaydan qovdu” başlıqlı məqalədə  özünün şərəf və ləyaqətinə toxunulduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək,  məhkəməyə müraciət edib və təzminat olaraq hər qəzetdən 250 000 (min) manat məbləğində pul tələb edirdi. Yasamal rayon Məhkəməsi 23 yanvar 2012-ci il tarixində  iddianı qismən təmin edərək, adı çəkilən məqalələrə görə cavabdehlərin üzr istəməklə təkzib verməsi və onların müştərək olaraq iddiaçıya 4 min manat təzminat ödəmələri ilə bağlı qərar çıxarmışdı. Bu qərardan narazı qalan Anar Məmmədov Apellyasiya şikayəti verib.
 
Previous Post

QADIN SÜRÜCÜLƏRƏ YAŞIL İŞIQ

Next Post

ƏVƏZ ZEYNALLININ “BALTİKA- BAKI” MMC İLƏ MƏHKƏMƏ ÇƏKİŞMƏSİ DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.