DAHA ÜÇ MEDİA NÜMAYƏNDƏSİ HƏBS EDİLDİ

mart 15th, 2012
Martın 14-də  Qubada yerləşən regional  “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və televiziyanın  baş redaktor Zaur Quliyev həbs edilib.

“Azadlıq” radiosunun məlumatına görə, televiziyadan məlumatı nə təsdiq, nə də təkzib edirlər. Bildirirlər ki, səhər saatlarında işdə hər iki şəxs işdə olsa da indi onların harada olmasından xəbərsizdirlər.

Habelə həmin gün Qubada fəaliyyət göstərən Vətəndaş Cəmiyyəti İnkişaf Fondunun nümayəndəsi, Poliqon İnformasiya Agentliyinin müxbiri Cəmil Məmmədli də saxlanılıb.

 

Quba hadisələri ilə bağlı hesabat hazırlayan Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayevanın RATİ-yə verdiyi məlumata görə, yuxarıda adları sadalananların rəsmi olaraq həbs edilmələri və onlara qarşı hansı ittihamın irəli sürməyi məlum deyil.

Xatırladaq ki,  hal-hazırda müxtəlif saxta ittihamlara (narkotik maddə, qanunsuz silah gəzdirmə və xuliqanlıq) 5 media nümayəndəsi (“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Xural” qəzetinin bölgə müxbiri Aydın Canıyev, islamazeri.az internet saytının baş redaktoru Ramin Bayramov, İranın “Səhər ” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlı və İranın “Səhər” telekanalının Azərbaycandakı nümayəndəliyinin sürücüsü Ramin Dadaşov ) həbsdədirlər.