İyunun 18-də mətbuatda “ANS” telekanalının “Doğruya Doğru” verilişinin aparıcısı Zəminə Əliyeva və “Şoumən” verilişinin aparıcısı Vüsalə Şahvəliqızının işdən azad edilməsi barədə məlumat yayılıb. “ANS” televiziyasının vitse-prezidenti Mirşahin Ağayev televiziya əməkdaşları Vüsalə Şahvəliqızı ilə Zəminə Əliyevanın işdən qovulması ilə bağlı yayılan məlumatı təkzib edib.
Ancaq “Doğruya Doğru” verilişinin aparıcısı Zəminə Əliyeva Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) xəbəri dəsdiqləyərək, doğru olduğunu bildirib.
“Veriliş əslində bağlanırdı. Mən də əmək məzuniyyətinə çıxmaqla bağlı ərizə yazmışdım. Xəbərlərin baş redaktoru Murad Hüseynov mənə demişdi ki, layihə bitdiyinə görə əmək məzuniyyətinə çıxırsan qayıtdıqdan sonra “Baş xəbər”ə çıxacaqsan. Qəflətən ayın 15-də mənə dedilər ki, saat 1-də iclasda olmalısan. İclasa gələndə isə dedilər ki, bəs attestasiyadır, bilet paylanır.Mən də dedim ki, bu doğru deyil. Nazirlər Kabinetinin qərarı var ki, əvvəlcədən hazırlıq aparılmalı və bu barədə məlumat verilməlidir. Bu hüquqlarımızın pozulmasıdır və hər dəfə verilişində dövlət məmurlarını bu və ya digər sahədə hesabat verməyə məcbur edən bir şəxs kimi bunu özümə təhqir hesab edirəm və tamamilə bu qanunsuzluqdur. Buna etiraz edərək , attestasiyada iştirakdan imtina edirəm. Ayın 17-də bunu mənə qarşı istifadə edərək , guya attestasiyaya etiraz kimi qəbul edərək , məzuniyyət haqqını ödəməkdən imtina edərək, mənə 2 aylıq öz hesabıma məzuniyyətə göndərildiyim bildirilib. Mən isə bu barədə şirkətin prezidenti Vahid Mustafayevə və baş direktoru Mir Şahin Ağayevə yazılı olaraq bildirdim ki, mənim jurnalistika fakültəsini fərqlənmə ilə bitirməyim, rus və xarici mənbələrdən daima jurnalistika nəzəriyyəsi ilə bağlı öyrəndiklərim və nəhayət 11 ilik televiziya təcrübəm , ən məsuliyyətli işləri yeri gələndə mənə tapşırmalarınız attestasiyadan kənara çəkilməyimə əsas verə bilməz , əksinə uğurlu iştirakı təmin edər. Mən sadəcə oyuna etiraz edirəm”,-deyə telejurnalist qeyd edib.
Jurnalist onu da əlavə edib ki, əmək məcəlləsinin 66-cı maddəsində deyilir ki, hamilə qadınlara, bir vəzifədə 5 ildən az olan, eyni zamanda məcburi köçkün statusunda olanlara attestasiya şamil olunmur və onun attestasiyadan keçirilməsi də düzgün deyil.
“Şoumən” verilişinin aparıcısı Vüsalə Şahvəliqızı RATİ-yə açıqlamasında yayılan xəbərlərin həqiqətə uyğun olmadığını deyərək, işdən azad olunmadığını bildirib.
“Bildiyiniz kimi mövsümün sonunda bütün verilişlər kimi “Şoumən” də bağlanacaq. Verilişin sonrakı mövsümdə davam edəcəyi barədə dəqiq bir söz deyə bilmərəm. Ola bilər ki, bu veriliş davam etsin, ola bilər ki, yeni layihəyə start verilsin. Amma işdən azad olunmağım barədə xəbərlər yalandır. Mənim kanalın rəhbərliyinə böyük hörmətim var”,-deyə jurnalist qeyd edib.
ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mais Məmmədov da RATİ-yə yayılan xəbərlərin şayiə olduğunu və sözügedən əməkdaşların işdən çıxarılması barədə əmrin mövcud olmadığını bildirib.