Azərbaycan Hökuməti Mehman Hüseynovun ölkədən çıxış qadağasını ləğv etməlidir

574793_379253598778230_585280338_n

“Azərbaycanın tanınmış foto və video reportyorunun nüfuzlu beynəlxalq mükafat almaq üçün Norveçə planlaşdırılan səfəri öncəsi onun ölkəni tərk etməsinə qoyulmuş qadağa dərhal götürülməlidir”,-deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu bugünkü bəyanatında bildirib.

Qadağa Mehman Hüseynovun Azərbaycanı tərk edərək Norveçin paytaxtı Osloda Fritt OrdZEİT fondları tərəfindən layiq görüldüyü ”Gerd Buserius Şərqi Avropa Azad Mətbuatı” mükafatını almasına mane olub. Mükafatı almaq məqsədi ilə Norveçə uçmaq üçün bu gün səhər hava limanına yola düşən Hüseynov ölkədən çıxışına qadağanın olması əsas gətirilərək hava limanından geri qaytarılıb.

Dörd saat hava limanında saxlanılan Mehman Hüseynov sonradan Səbail Rayon Polis Bölməsinə aparılıb və yalnız ölkəni tərk etməmək barədə yazılı iltizam alındıqdan sonra sərbəst buraxılıb.

“Mehman Hüseynovun ölkədən çıxışına qoyulmuş qadağa tamamilə əsassızdır. Bu addım hərəkət etmək azadlığını pozmaqla yanaşı həm beynəlxalq standartlarla, həm də yerli qanunvericiliklə kəskin ziddiyyət təşkil edir” ,- deyə RATİ sədri Emin Hüseynov bildirib.

“Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”ın (MSHBP) 12-ci maddəsində qeyd olunub ki, hər kəs vətəndaşı olduğu ölkə də daxil olmaqla, istənilən ölkəni sərbəst şəkildə tərk edə bilər.  Azərbaycan MSHBP-a üzv dövlət olduğu üçün onun müddəalarına əməl etməlidir.

RATİ xatırladır ki, artıq 1 ildən çoxdur ki jurnalist  barəsində açılmış  saxta cinayət işi üzrə hər hansı istintaq hərəkəti aparılmır. Halbuki Cinayət Prosessual Məcəllənin tələbi üzrə jurnalistin işi üzrə istintaq ən geci 12 ay müddətində (iyunun 13-nə qədər) qurtarmalı idi.

Ancaq bu müddət bitdiyi halda istintaqın yekunlaşmaması jurnalistə qarşı açılmış cinayət işinin saxta olduğunu və bu işin onun fəaliyyəti ilə bağlı olduğunu göstərir.

RATİ bəyan edir ki, heç bir əsas olmadan jurnalistin ölkədən çıxmasına qadağa qoyulması ifadə azadlığına edilən basqı və eyni zamanda jurnalistin fəaliyyətini məhdudlaşdırmaqla onu nəzarətdə saxlamaq üçün atılmış addımdır.

“Bütün dünyada vətəndaş cəmiyyətləri Mehmanın insan haqları uğrunda əməyini qiymətləndirdiyi halda, Azərbaycan hökuməti səyahət qadağası ilə ona təzyiq göstərir” Emin Hüseynov məyusluqla bildirib.

“Mehmanın Gerd Buserius Şərqi Avropa Azad Mətbuatı mükafatının təqdimatında iştirak etməməsi yüz minlərlə azərbaycanlının fundamental azadlıqlarının davamlı və ciddi şəkildə pozulmasına bir nümunədir” deyə RATİ sədri vurğulayıb.

RATİ bir daha xatırladır ki, ifadə və informasiya azadlıqları Azərbaycanın imzaladığı və qoşulduğu bir çox beynəlxalq müqavilələr və hüquqi sənədlərlə təmin olunur – İnsan Hüquqları haqqında Ümumi Bəyannamə (maddə 19), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (maddə 19) və İnsan Hüquqları haqqında Avropa Konvensiyası (maddə 10).

RATİ hökuməti və hüquq-mühafizə orqanlarının əsassız qadağanı dərhal aradan götürməyə və Mehmanın öz mükafatını almaq üçün Osloya səfər etməsinə imkan verməyə çağırır.

RATİ həmçinin Mehman Hüseynova qarşı irəli sürülmüş xuliqanlıq ittihamlarına da öz etirazını bildirir. Bu baxımdan RATİ hökuməti Mehman Hüseynova qarşı qaldırılmış ittihamları ləğv etməyə və BMT-nin 1998-ci ildə qəbul etdiyi “Hüquq Müdafiəçiləri haqqında Bəyannamə”yə uyğun olaraq hüquq müdafiəçilərinin öz legitim fəaliyyətini təhlükəsiz şəkildə davam etdirə bilməsi üçün lazım olan şəraiti yaratmağa çağırır.

RATİ həmçinin beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurası və ATƏT-i jurnalistə qarşı açılmış saxta  cinayət işinə son qoymağı Azərbaycandan tələb etməyi və Azərbaycan hökumətinə ifadə azadlığı bağlı öhdəliklərini yerinə yetirməsi üçün daha çox təzyiq göstərməyə çağırır.

Previous Post

Jurnalist Fövqəladə Hallar Nazirliyi əməkdaşının hücumuna məruz qalıb

Next Post

Telejurnalist əsassız olaraq işdən çıxarıldığını bildirir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.