“Cari ilin noyabr ayının 13-dən VN yanında Vergi Auditi Departamenti “ANS Kommers” və “ANS Press” şirkətlərində 2007-ci ilin oktyabrından 2010-cu ilin sentyabr ayına qədər, ANS şirkətində isə 2007-ci ilin noyabrından 2010-cu ilin oktyabrınadək olan dövrü əhatə edən səyyar vergi yoxlamasına başlayıb”, – deyə bildirən F. Səmədov qeyd etdi ki, yoxlamaya səbəb ANS şirkətlər qrupunun vergi orqanlarına təqdim etdiyi bəyannamələrdə ziddiyyətli məlumatların müəyyən edilməsi, eləcə də VN-də vergi auditi məqsədilə tətbiq olunan risk modelləri əsasında kənarlaşma ehtimalının aşkar edilməsidir.
ANS Şirkətlər Qrupundan Vergi Yoxlamaları ilə bağlı mövqe öyrənməyə nail ola bilməsək də, mətbuat bu vergi yoxlamalarını parlament seçkiləri ilə əlaqələndirir. “Turan” İnformasiya Agentliyinin məlumatına görə, ANS 7 noyabr parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı kadrlar göstərdiyinə görə “haqq-hesab”a çəkilir.
“Məlumatlı mənbənin bildirdiyinə görə, telekanala yuxarıdan göstəriş verilib ki, bu cür pozuntuları göstərməsinlər. Lakin göstərişə məhəl qoyulmayıb. Bundan sonra ANS-in sahibi Vahid Mustafayevin qardaşı Seyfulla Mustafayev işdən kənarlaşdırılıb”, – deyə məlumatda qeyd olunur.