FƏXRİ XİYABANDA “APA”-NIN MÜXBİRİ ELBRUS SEYFULLAYEV POLİS TƏZYİQİ İLƏ ÜZLƏŞİB

     Bu gün (10 may) səhər saat 11.00 radələrində  Fəxri Xiyabanda Azərbaycan prezidenti İlham Əliyev başda olmaqla hökumət rəhbərlərinin eks-prezident Heydər Əliyevin qəbirüstü abidəsini ziyarət edərkən APA informasiya agentliyinin xüsusi müxbiri Elbrus Seyfullayev polis zorakılığı ilə üzləşib.

      Hadisə yerində olan mənbənin RATİ-yə verdiyi məlumata görə, jurnalist ziyarət mərasimindən reportaj hazırlayırmış, amma polis ona mane olub. Polisin qeyri-qanuni hərəkətlərinə etiraz etdikdə isə hüquq mühafizə orqanları əməkdaşları jurnalisti hadisə yerindən döyə-döyə və ünvanına təhqiredici ifadələr işlətməklə uzaqlaşdırıblar.
      Daha sonra 28-ci Polis Bölməsinə aparılan jurnalist orada  təxminən 40 dəqiqə qeyri-qanuni saxlanılıb və daha sonra azad edilib.
      APA-nın baş direktoru Vüsalə Mahirqızı RATİ-nin əməkdaşı ilə söhbətində həqiqətən də jurnalistin Polis Bölməsinə aparıldığını desə də, onun döyülüb – döyülməməsi ilə bağlı məlumatı nə təsdiq nə də təkzib etdi: “Anlaşılmazlıq olub və baş verənlərlə bağlı  artıq üzrxahlıq da ediblər”, – deyə vurğulayan Mahirqızı baş vermiş insidentlə bağlı şikayətçi olmadıqlarını da bildirdi.   
      Təzyiqə məruz qalmış Seyfullayev də RATİ-nin əməkdaşı ilə söhbətində təxminən Mahirqızının dediklərini təkrarladı və təzyiqə məruz qalmasını yaranmış anlaşılmazlıqla əlaqələndirdi.
      Qeyd edək ki, bu gün Bakıda Azərbaycanın eks-prezidenti, hazırda prezident olan İlham Əliyevin atası  Heydər Əliyevin anadan olmasının 85 illiyi, habelə Gül Bayramı təntənəli şəkildə qeyd edilir.

Previous Post

TƏCRÜBƏLİ JURNALİSTLƏR ÜÇÜN TƏLİM TƏŞKİL OLUNACAQ

Next Post

NƏŞRİYYATLAR DA ÇAP MƏHSULLARININ MƏCBURİ NÜSXƏLƏRİNİ MƏTBUAT ŞURASINA GÖNDƏRƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.