Amerika Birləşmiş Ştatlarının Prezidenti
cənab Barak Obamaya
Cənab Prezident,
Biz 3 may Beynəlxalq Mətbuat Azadlığı Günü və bu günlə bağlı ABŞ Prezidentinin gözlənilən ənənəvi bəyanatı ərəfəsindəyik. Bu ərəfədə Sizə müraciət etməyimizin səbəbi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru və qətlə yetirilmiş azərbaycanlı jurnalist “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun yaxın dostu və həmkarı olmuş Eynulla Fətullayevin 4 ildən artıq müddətdir ki Azərbaycanda həbsdə saxlanılmasıdır.
Təəssüflə qeyd etməliyik ki, həbs dövrü ərzində həm jurnalistin özünə, həm də ailəsinə qarşı hədələr, təzyiqlər və təxribatlar davam etmişdir. O dəfələrlə karserə (cəza kamerası) salınmış, valideynlərinə onların oğullarının öldürüləcəyi barədə hədə zəngləri edilmişdir. Avropa Məhkəməsinin gözlənilən bəraətverici qərarının icra edilməsinin əvvəlcədən qarşısını almaq üçün 2009-cu ilin dekabrında Fətullayevin üzərinə narkotik maddə atılmış və onun həbs müddəti əsassız olaraq uzadılmışdır. Bu halların baş verməsi göstərir ki, jurnalistin həyatına təhlükə var.
Cənab Prezident, imzaladığınız Daniel Pearl Mətbuat Azadlığı Aktı vasitəsilə bütün dünyaya güclü mesaj göndəribsiniz. ABŞ ifadə azadlığını məhdudlaşdıran və jurnalistlərə qarşı zorakılıq aktlarına cəlb olunan hökumətlərə qarşı ölçülər götürəcək. Biz hesab edirik ki, ABŞ-ın öz vədini həyata keçirmək vaxtdır.
Hesab edirik ki, beynəlxalq ictimaiyyət dünyada həbsə atılan bütün jurnalistlərin azadlığa buraxılması və onlara qarşı təzyiqlərin dayandırılması ilə bağlı çağırışlar etməlidir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, 3 may Beynəlxalq Mətbuat Azadlığı Günü ilə bağlı verəcəyiniz bəyanatda Eynulla Fətullayevin dərhal azadlığa buraxılması çağırışı ilə çıxış etməyinizi xahiş edirik.