M Ü R A C İ Ə T

YUNESKO-nun baş direktoruna İrina Bokovaya

M Ü R A C İ Ə T

Xanım Bokovaya,

 Sizə müraciət etməyimizin səbəbi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin 4 ildən artıq müddətdir ki Azərbaycanda həbsdə saxlanılmasıdır.

Fətullayev 2007-ci ilin aprelindən həbsdədir və bu dövr ərzində onun tamamilə əsassız olaraq həbsdə qalması faktiki olaraq sübut edilmişdir. Belə ki, bu dövr ərzində Fətullayev yerli və beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınmışdır, Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu ilin aprelində onun dərhal azadlığa buraxılması barədə qərar çıxarmışdır. Avropa Şurasının Nazirlər Kabineti 2010-cu ilin noyabr və 2011-ci ilin mart ayında Avropa Məhkəməsinin qərarının icra edilməsi və Fətullayevin azadlığa buraxılması ilə bağlı müzakirələr aparmış və konkret qərarlar qəbul etmişdir.
Təəssüflə qeyd etməliyik ki, həbs dövrü ərzində həm jurnalistin özünə, həm də ailəsinə qarşı hədələr, təzyiqlər və təxribatlar davam etmişdir. Avropa Məhkəməsinin gözlənilən bəraətverici qərarının icra edilməsinin əvvəlcədən qarşısını almaq üçün 2009-cu ilin dekabrında Fətullayevin üzərinə narkotik maddə atılmış və onun həbs müddəti əsassız olaraq uzadılmışdır. Bu halların baş verməsi göstərir ki, jurnalistin həyatına təhlükə var.   
Biz 3 may Beynəlxalq Mətbuat Azadlığı Günü ərəfəsindəyik və BMT-nin ixtisaslaşmış qurumu kimi YUNESKO bu günü xüsusi olaraq qeyd edir. Eyni zamanda YUNESKO bütün dünyada söz və ifadə azadlığının müdafiəsi üçün fəaliyyət göstərir. Bunun bariz nümunəsi kimi 1997-ci ildən YUNESKO/Gilyermo Kano Mətbuat Azadlığı Mükafatının təqdim edilməsini göstərə bilərik. Bu ildə adı çəkilən mükafat İrandan olan jurnalistlərə layiq görülüb və mükafatın may ayının 3-də təqdimat mərasimi keçirəcək. Hesab edirik ki, YUNESKO dünyada həbsə atılan bütün jurnalistlərin azadlığa buraxılması və onlara qarşı təzyiqlərin dayandırılması ilə bağlı çağırış etməlidir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, dünyada həbsdə olan digər jurnalistlərlə yanaşı Eynulla Fətullayevin dərhal azadlığa buraxılması üçün təşəbbüslə çıxış etməyinizi və bu məsələni Azərbaycan hakimiyyəti qarşısında qaldıraraq onun azad edilməsinə çağırış etməyinizi xahiş edirik.

 

 

Previous Post

ELAN!

Next Post

M Ü R A C İ Ə T

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.