MÜRACİƏT

ABŞ Dövlət Katibi,
xanım Hillary Klintona

Surəti :  ABŞ-ın Bakıdakı səfirliyinə

 Hörmətli xanım Klinton,

 

   İyun ayının 6-da Azərbaycana edəcəyiniz rəsmi səfəriniz öncəsi ölkəmizdə ifadə azadlığı sahəsində bizi həddindən artıq narahat edən problemləri Sizinlə bölüşmək və onların  həllində bizə  dəstək verməyinizi xahiş etmək istəyirik.

ATƏT-in, Avropa Şurasının və BMT-nin təhlükəsizlik şurasının üzvü olan Azərbaycanın həmin qurumların qarşısında ifadə azadlığının təmin olunması ilə bağlı üzərinə götürdüyü öhdəliklər hökumət tərəfindən yerinə yetirilmir. İnsan haqları, o cümlədən ifadə azadlığının durumu  hər hansı dövlətin yalnız daxili işi olmadığı üçün, biz  mütəmadi olaraq Azərbaycanda söz və ifadə azadlığı sahəsində olan  mövcud problemlərlə bağlı müvafiq beynəlxalq təşkilatları, xüsusilə də ölkəmizin üzv olduğu beynəlxalq qurumları məlumatlandırırıq.

            Bu  gün bizi ən çox narahat edən məsələlər jurnalistlərin qətlləri və jurnalistlərə qarşı baş verən hücumlar, təxribatlar və həbslərdir. Azərbaycanda jurnalistlərə qarşı  hücumlara görə cəzasızlıq mühiti hökm sürür. Belə ki, 2005-ci ildə evinin önündə silahla qətlə yetirilən Elmar Hüseynovun və 2011-ci ildə bıçaqla qətlə yetirilən  Rafiq Tağının qatilləri  və bu qətlin sifarişçiləri hələ də tapılıb cəzalandırılmayıblar. Hazırda   7 jurnalist (Əvəz Zeynallı, Aydın Canıyev, Vüqar Qonaqov, Zaur Quliyev, Anar Bayramlı, Ramin Bayramov, Oqtay Gülalıyev) müxtəlif saxta ittihamlarla  həbsə saxlanılır, son bir ildə 20 dən artıq jurnalist fiziki zorakılığa məruz qalıb. Biz hesab edirik ki, onların həbsə atılmasına və təqiblərlə üzləşməsinə səbəb hökumətin söz azadlığına dözümsüzlüyüdür.

            Son illərdə tanınmış jurnalistlər xüsusi xidmət orqanları tərəfindən qeyri-qanuni əldə olunmuş və şəxsi həyata aid olan  məlumatların yayılması ilə şantaj edilirlər. Bir neçə ay bundan öncə bu cür şantajın qurbanı  “Azadlıq” radiosunun Bakı Bürosunun əməkdaşı tanınmış araşdırmaçı jurnalist xanım Xədicə İsmayılova olmuşdur. Hesab edirik ki, Xədicə İsmayılova hakim ailə ilə bağlı apardığı və korrupsiyadan bəhs edən araşdırmalarına görə cəzalandırılıb.

            Bu gün Azərbaycanda ənənəvi teleradioyayım faktiki olaraq tam hakimiyyətin nəzarəti altındadır və bütün teleradio şirkətləri bu və ya digər şəkildə hakimiyyətin maraqlarına xidmət edirlər. Azərbaycanda 2009-cu ildən plüralizmin yeganə təminatçıları sayılan 3 xarici radiostansiya – BBC, Azadlıq Radiosu və Amerikanın Səsi  radiolarının yerli fm dalğalarında yayımına qadağa qoyulub. Bu gün Azərbaycanda yeni  müstəqil teleradio yayım üçün lisenziyanın alınması faktiki olaraq qeyri-mümkündür, baxmayaraq ki, bu gün kifayət qədər boş televiziya və radio  tezlikləri mövcuddur. Azərbaycanda bu gün teleradio məkanında faktiki olaraq senzura bərqərar olub və ölkə vətəndaşları ənənəvi televiziya və radiolarla düzgün və dürüst məlumatların əldə olunmasından məhrumdurlar.

            Onu da qeyd etmək istəyirik ki, Azərbaycanda bu gün plüralizmi təmin edən 4 qəzetin azsaylı tirajları əhalinin heç 3 %-ni belə məlumatlandıra bilmir. Ölkə iqtisadiyyatının ayrı-ayrı sektorları müxtəlif oliqarx məmurların nəzarətində olduğundan Azərbaycanda medianın inkişafına təkan verə biləcək reklam bazarı yoxdur. Mövcud zəif reklam bazarında  hətta orta sahibkarlar da hakimiyyətin qəzəbinə tuş gəlməmək üçün müxalifət və müstəqil  mətbuata reklam vermirlər.

            Bu gün Azərbaycan mediasının yeganə ümid yeri olan internet az da olsa, yavaş-yavaş inkişaf edir. Lakin bu sahədə də bəzi internet fəallarına qarşı  hakimiyyətin təzyiqi mövcuddur. Bu təzyiqləri xüsusən ərəb inqilablarından sonrakı dövrdə gücləndiriblər.

            Hal-hazırda internetdə yaydıqları məlumata görə  2 internet dissidenti (Bəxtiyar Hacıyev və Taleh Xasməmmədov)həbsdə saxlanılır.

            Bu gün Azərbaycanda media qanunvericiliyinin dəyişdirilməsinə və liberallaşdırılmasına ciddi ehtiyac var, xüsusilə də teleradioyayım, diffamasiya məsələləri ilə bağlı. Azərbaycanda cinayət hesab edilən diffamasiya həbslərə səbəb olur.

            Xanım Klinton, Azərbaycan prezidenti cənab İlham Əliyevlə və hökumətin digər nümayəndələri ilə görüş zamanı yuxarıda qeyd etdiyimiz problemləri onlarla müzakirə etməyi  və Azərbaycan hökumətini söz və ifadə azadlığı sahəsində olan öhdəlikləri yerinə yetirməyə çağırmağı Sizdən  xahiş edirik.

 

Hörmətlə,

Emin Hüseynov                                      

 

“Reportyorların Azadlıq və Təhlükəsizlik

İnstitutu” İctimai Birliyinin  sədri

Previous Post

İDRAK ABBASOVUN SƏHHƏTİNİN PİSLƏŞMƏSİNƏ GÖRƏ İFADƏ VERMƏSİ TƏXİRƏ SALINIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.