“GÜNDƏLİK BAKI”-NIN ŞİKAYƏT ƏRİZƏSİ TƏMİN EDİLMƏDİ

aprel 8th, 2009
Dünən (07 mart) Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi, “Hacı Mazan” MMC-nin direktoru Zakir Quliyevin "Gündəlik Bakı"  qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı qaldırdığı şərəf və ləyaqətin müdafiəsi üzrə iddiası əsasında məhkəmə prosesi keçirilib.

Qeyd edək ki, ötən məhkəmə prosesində cavabdeh tərəfin vəkilləri, vəsatətlərin hakim E. Qurbanov tərəfindən təmin edilməməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərova şikayət ərizəsi təqdim etmişdilər. Sədr Ə. Cəfərov isə öz növbəsində ərizəni baxılması üçün hakim E. Qurbanova göndərib. Hakim isə şikayət ərizəsini təmin etməyib və prosesi qeyri müəyyən vaxta təxirə salıb.
 Xatırladaq ki, iddiaya səbəb "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və qəzetin 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələr olub. Onu da qeyd edək ki, iddiaçı iddiasında qəzetin təkzib verməsini, üzr istəməsini və “Hacı Mazan” şirkətinə dəymiş mənəvi ziyana görə baş redaktor H. Vəliyevdən 1000000 (bir milyon) AZN tutularaq şirkətə ödənilməsini istəmişdir.