Bu gün (13 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində “Alumni Network” Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OOL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin həbsi ilə bağlı yaradılmış Müdafiə Komitəsinin Əlaqələndirmə Qrupu mətbuat konfransı keçirdi.
Daha sonra çıxış edən müstəqil hüquqşünas Erkin Qədirli bildirdi ki, Emin Milli və Adnan Hacızadənin həbsi tamamilə qanunsuzdur. “Fiziki təzyiqlərə məruz qalmalarına, xəsarət almalarına və zərərçəkmiş şəxs qismində polisə şikayət etdikləri halda, onlar təqsirləndirilən şəxs kimi 48 saat saxlanmışlar. 2 sutka sonra isə ciddi hüquq pozuntuları ilə müşayiət olunan məhkəmədə barələrində 2 aylıq həbs-qətimkan tədbiri seçilmişdir. Saat 18.00-da iş vaxtı bitikdən sonra – saat 20.00-dan sonra məhkəmə iclası başlaması, iclasın qapalı keçirilməsi və gənclər barəsində nəzərdə tutulmuş ən sərt tədbir – həbs qərarının verilməsi qnundan kənar hallardır” – deyən E.Qədirli bildirdi ki, Səbail rayon məhkəməsinin bu qərarından sabah apellyasiya şikayəti veriləcək. Apellyasiya məhkəməsində də ədalətli qərar çıxarılacağına inanmadığını deyən E.Qədirli vurğuladı ki, Apellyasiya məhkəməsi həbs-qətimkan tıdbirinin seçilməsi ilə bağlı şikayətin son instansiyası olduğu üçün Avropa Məhkəməsinə müraciət edəcəklər.”
Daha sonra tədbirdə Emin Milli və Adnan Hacızadə ilə birlikdə restoranda olmuş digər gənclər də çıxış etdilər. Dostları bildirdilər ki, bu gün Adnan Hacızadənin ad günüdür və bu münasibətlə həbsxanaya ona yemək və təbrik tortu göndərilib. Lakin sovqatın ona çatıb-çatmaması hələlik məlum deyil.
Əlaqələndirmə Qrupunun və “Dalğa” gənclər hərəkatının üzvü Ramin Hacılı məsələ ilə bağlı tədbirlər planı barədə məlumat verdi və qeyd etdi ki, etiraz aksiyalarının keçirilməsi də nəzərdə tutulub. “Bu aksiyalar barədə KİV-ə qabaqcadan yox, aksiyalar keçirildikdən sonra məlumat verəcəyik.”
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı gənclərə hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.