“NOTA” QƏZETİNİN ƏVƏZİNƏ “P.S.NOTA” FƏALİYYƏTƏ BAŞLAYIR

Bu gün (13 İyul) Binəqədi rayon məhkəməsində hakim Mirheydər Seyidovun sədrliyi ilə “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəylinin Mətbuat Şurasına və şuranın sədri Əflatun Amaşova qarşı iddiasına əsasən məhkəmə prosesi keçirilib. İclasda iddiaçı tərəfdən Sərdar Əlibəyli və onun vəkili, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev, cavabdeh tərəfi isə Mətbuat Şurasının səlahiyyətli nümayəndəsi Rəhim Hüseynzadə təmsil edib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) S.Əlibəylinin özü məlumat verib.

Prosesdə  tərəflərin çıxışları dinlənilib. Cavabdeh tərəfin nümayəndəsi R.Hüseynzadə bildirib ki, “Nota” qəzetində dərc olunmuş yazılarla bağlı şuraya edilmiş müraciətlərə əsasən araşdırma aparmış və komissiyanın qərarı ilə qəzeti “Reket” siyahıya daxil edilmişdir.
     İddiaçının vəkili İntiqam Əliyev isə çıxışında qeyd edib ki, MŞ-nin belə bir addım atması tamamilə qanunsuzdur. O vurğulayıb ki, “Nota” qəzeti MŞ-nin üzvü olmadığına görə, şura bu qəzetlə bağlı şikayətə baxa bilməz. MŞ-nin nizamnanəsində “reket” elan etmək səlahiyyətinin olub-olmaması barədə vəkilin sualına cavab olaraq R.Hüseynzadə vurğulayıb ki, MŞ-nin nizamnaməyə deyil, şuranın qurultayında qəbul edilmiş qərara əsasən bu addımı atır. İ.Əliyev yenidən sualla müraciət edərək, “mən təşkilatımın qurultayının qərarı ilə prokurorluğu yoxlaya bilərəmmi sualına isə R.Hüseynzadə “xeyir, yoxlaya bilməzsiniz” cavabını verib.
     Hakim M.Seyidov növbəti məhkəmə prosesini 05 avqust saat 11.00-a təyin edib
     Xatırladaq ki, bir müddət öncə Mətbuat Şurası “Nota” qəzetini “reket qəzetlər” siyahısına daxil etdiyi üçün, iddiaçı bu qərarın qanunsuz hesab edilməsi üçün məhkəməyə müraciət edib.
     S.Əlibəyli RATİ-yə obu da bildirib ki, MŞ tərəfindən “Reket”  elan olunduqdan sonra mətbəələr “Nota” qəzetini çap etməkdən imtina edib və bu səbəbdən gələn həftədən etibarən “P.S.Nota” qəzeti ilə oxucuların görüşünə gələcək.
Previous Post

MÜŞFİQ HÜSEYNOVA QƏZET VERİLMİR

Next Post

GƏNCLƏRİN BARƏSİNDƏKİ HƏBS-QƏTİMKAN TƏDBİRİ İLƏ BAĞLI SABAH APELLYASİYA ŞİKAYƏTİ VERİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.