Bu gün (17 iyul) Bakı Apellyasiya məhkəməsində “Alumni Network” Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri Emin Milli(Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadən barəsində Səbail rayon məhkəməsi tərəfindən seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi şikayəti üzrə proseslər keçirilib.
Emin Millinin apellyasiya şikayəti üzrə keçirilən prosesdə də eyni qərar çıxarılıb. “Emin Millinin məhkəmədə iştirakı ilə bağlı qaldırdığım vəsatət qəbul olundu və sədrlik edən hakim Camal Ramazanov prosesi 20 iyul saat 14.30-a təyin etdi” – deyə vəkil Elton Quliyev RATİ-yə bildirib.
Qeyd edək ki, hər iki proses qapalı keçirildiyindən jurnalistlər və müşahidəçilər məhkəməyə buraxılmayıblar.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı gənclərə hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.