Noyabrın 17-də Bakı Apellyasiya məhkəməsində hakim Rəsul Səfərovun sədrliyi ilə FANAT.AZ idman saytının layihə rəhbəri Zahir Əzəmət və idman yazarı Natiq Muxtarlının Nəsimi rayon məhkəməsinin 7 oktyabr 2009-cu il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Natiq Muxtarlı məlumat verib. O bildirib ki, hakim Nəsimi rayon məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edib.
Xatırladaq ki, “Xəzər-Lənkəran” futbol klubunun prezidenti Mais Mənsimov Natiq Muxtarlının FANAT.AZ idman saytında yerləşdirilmiş köşə yazılarında şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək Zahir Əzəmət və Natiq Muxtarlıya qarşı xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Nəsimi rayon məhkəməsi 7 oktyabr 2009-cu il tarixdə Natiq Muxtarlının məvacibinin 20 faizinin Mais Mənsimovun xeyrinə tutulması ilə 1 il, Zahir Əzəmətin isə məvacibinin 20 faizinin tutulması ilə 6 ay islah işlərinə cəlb olunması barədə qərar çıxarmışdı.
Qeyd edək ki, bir müddət öncə “Xəzər-Lənkəran” futbol klubunun prezidenti Mais Mənsimov Fanat.az saytının layihə rəhbəri Zahir Əzəmət, saytın baş redaktoru Əli Sahib və idman yazarı Natiq Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 148-ci maddəsilə yenidən iddia qaldırmışdı. İddiaya səbəb Əli Sahibin "Bir daha Mənsimovlar haqqında" və "Jurnalistlərə hökm oxundu", Zahir Əzəmətin "Mübariz Mənsimov hara işləyir" və Natiq Muxtarlının "Məzhəkə məhkəmə" başlıqlı yazıları olub. Lakin noyabrın 20-də Nəsimi rayon məhkəməsinin hakimi İkram Şirinovun sədrliyi ilə keçirilən hazırlıq iclasında iddianın icraata qəbul olunmaması ilə bağlı qərar qəbul olunub.
FANAT.AZ saytı idman agentliyidir və 2007-ci ildən fəaliyyət göstərir.