XARİCİ İŞLƏR NAZİRLİYİ “EURONEWS” KANALINA ETİRAZ MƏKTUBU GÖNDƏRİB

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Euronews” kanalına etiraz məktubu göndərib. Buna səbəb noyabrın 28-də kanalda “Dağlıq Qarabağda dəyişiklik küləkləri” adlı verilişdir. XİN “Euronews” televiziyasının rəsmi Bakının razılığı olmadan işğal altındakı Dağlıq Qarabağa səfər edən əməkdaşlarının adlarını Azərbaycanda arzuolunmaz şəxslərin siyahısına salıb və onların ölkəyə daxil olmasına qadağa qoyulub.

Bu barədə mətbuata məlumat verən XİN mətbuat katibi Elxan Poluxov bildirib ki, süjet qərəzli və birtərəfli olub: “Euronews” kanalında Dağlıq Qarabağla bağlı göstərilən süjetdə bu ərazi Azərbaycandan ayrılmış hissə kimi, separatist rejimin rəhbəri isə “Dağlıq Qarabağ Respublikasının prezidenti” kimi qələmə verilib. Münaqişə ilə bağlı heç bir Azərbaycan rəsmisinin mövqeyi öyrənilməyib. Məktubda efirə verilən süjet qərəzli və birtərəfli, jurnalist prinsiplərinə zidd olduğu üçün efirdən götürülməsi təklif olunub. Eyni zamanda kanalın rəhbərliyinə məsələyə aydınlıq gətirmək təklif edilib. Hazırda biz müvafiq cavabı gözləyirik. “Euronews” televiziyasının rəhbərliyindən rəsmi cavab aldıqdan sonra nazirlik mövqeyini müəyyənləşdirəcək” – deyən E.Poluxov məsələ ilə bağlı Azərbaycanın Fransadakı səfirliyinə məlumat verildiyini və səfirlik tərəfindən araşdırma aparıldığını da deyib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu məsələ ilə bağlı XİN-ə sorğu ilə müraciət edib.

Qeyd edək ki, 1993-cü ildə yaranmış “Euronews” telekanalı 8 dildə dünyanın 130 ölkəsində yayımlanır. Ofisi Fransanın Lion şəhərində yerləşən televiziyanın Azərbaycanda nümayəndəliyi yoxdur. Kanalı Azərbaycanda peyk antenası və kabel televiziyaları vasitəsilə izləmək mümkündür.

Previous Post

TONİ BLEYER GƏNC BLOQÇULARIN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRİB

Next Post

FANAT.AZ SAYTININ APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.