XALİD BAĞIROVUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (11 yanvar)  Bakı Apellyasiya Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə vəkil Xalid Bağırovun Vəkillər Kollegiyasının onu 1 il müddətinə kollegiyadan  uzaqlaşdırmasına dair qərarından verdiyi iddia üzrə Nəsimi rayon məhkəməsinin 3 noyabr 2011-ci il ildə çıxardığı qətnamədən verdiyi apellyasiya şikayəti ilə bağlı məhkəmə prosesi keçirilib.

Vəkillər Kollegiyasından uzaqlaşdırılmasına heç bir hüquqi əsas olmadığını bildirən Xalid Bağırov həmin qərarı özünə təzyiq kimi qiymətləndirdiyini və Nəsimi rayon məhkəməsinin qətnaməsini qanunsuz hesab etdiyini dedi. O qeyd etdi ki, vətəndaş Elvin Əsgərovun polis tərəfindən döyülərək öldürülməsi ilə bağlı mətbuata verdiyi açıqlama ilə əlaqədar olaraq Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Rafiq Abbasov Vəkillər Kollegiyasına müraciət edərək həmin məlumatların polisin nüfuzuna xələl gətirdiyini bildirib. Həmin müraciət əsasında Vəkillər Kollegiyasınin onun vəkillik sirrini yaydığını əsas götürərək 1 il müddətinə vəkillik fəaliyyətindən uzaqlaşdırdığını qeyd edən Xalid Bağırov bununla bağlı bağlı qaldırdığı iddianın Nəsimi rayon məhkəməsi tərəfindən təmin edilmədiyini bildirdi.

Vəkillər Kollegiyasının nümayəndəsi Altay Muradov isə vəkilə verilmiş hər hansı məlumatın sirr olduğunu bildirdi və qeyd etdi ki, bunun əvvəllər başqası tərəfindən yayılıb yayılmamasından asılı olmayaraq mətbuata ötürülməsi qanun pozuntusu deməkdir. O şikayətin təmin edilməməsini və Nəsimi rayon məhkəməsinin çıxartdığı qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi.

Müşavirədən sonra hakim şikayətin təmin olunmaması ilə bağlı qərar çıxartdı.

Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov  “Bizim Yol” qəzetinin 01 mart 2011-ci il tarixli 38 (1614)-ci nömrəsinin 5-ci səhifəsində müəllif Hacı Zeynalovun imzası ilə “Tutulanlara vəkil yox, zopa lazımdır” başlıqlı, eləcə də “Vəkil Xalid Bağırov bu şüarla aksiyalar keçirilməsini təklif edir” sərlövhəli yazısında 13 yanvar 2011-ci il tarixdə  Nizami rayonu Polis İdarəsinin 25-ci polis bölməsində şübhəli şəxs qismində saxlanılan Elvin Əsgərovun döyülərək öldürülməsi barədə sərt ittihamlar irəli sürülməsini əsas gətirərək, yazılanları böhtan xarakterli ifadələr adlandırmış və “Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalov və vəkil Xalid Bağırov barəsində CM-nin 147.2 ci  (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə  15 aprel 2011-ci il tarixdə xüsusi ittiham qaydasında şikayət verən şəxsin üzrlü səbəb göstərmədən prosesdə iştirak etməməsini və xüsusi ittihamçının vəkilinin qanunla müəyyən edilmiş sənədi olan etibarnamənin  mövcud olmadığını əsas gətirərək, məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar elan etmişdi. 24 avqust 2011-ci ildə isə   Vəkillər  Kollegiyası  Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun müraciətinə əsasən 6 saylı hüquq məsləhətxanasının vəkili Xalid Bağırovun vəkillik fəaliyyətinin 1 il müddətinə dayandırılması barədə qərar verib. 3 noyabr 2011-ci il tarixində Nəsimi rayon Məhkəməsi iddianın təmin edilməməsi barədə qərar çıxarıb.

 

Previous Post

ELAN!

Next Post

“FRONTLİNE CLUB”DA ÇƏRÇİVƏSİNDƏ KİV PROBLEMLƏRİ MÜZAKİRƏ EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.