“YENİ MÜSAVAT” QƏZETİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

iyun 23rd, 2010

Dünən (22 iyun) Bakı Apellyasiya Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə “Yeni Müsavat” qəzetinin Dövlət Gömrük Komitəsinə (DGK) qarşı informasiya sorğusuna cavab verilməməsi ilə bağlı iddiasına əsasən  Yasamal rayon Məhkəməsinin 16 mart 2010-cu il tarixli qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn məlumat verib.

Prosesdə  iddiaçının nümayəndəsi kimi V.Hüseyn və DGK-nın hüquq şöbəsinin müdiri Sənan Muxtarov iştirak ediblər.

Hakim Yasamal rayon Məhkəməsinin çıxardığı qərarın qüvvədə  qalması barədə qərar çıxarıb. V. Hüseyn əlavə etdi ki, qərardan kassasiya şikayəti verəcəklər.

Xatırladaq ki, DGK 2004-2008-ci illərdə hər ilin ayrıca olmaqla Azərbaycan Respublikasına malların idxalına görə gömrük daxilolmaların (ƏDV, aksizlər, gömrük rüsumları), bölmələr, mal qrupları və ən mühüm malların (o cümlədən minik avtomobilləri) üzrə göstəriciləri, həmçinin gömrük daxilolmalarından azad edilmiş idxal mallarının ümumi həcmi və mal tərkibi barədə informasiya sorğusunu cavablandırmadığına görə “Yeni Müsavat” qəzeti məhkəməyə müraciət edib. 16 mart 2010-cu il tarixdə Yasamal rayon Məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarıb.