Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli yenidən internet televiziyalarının lisenziyalaşdırılması məsələsini gündəmə gətirib. O, “Şərq” qəzetinin bu gün (23 iyun) dərc olunan sayındakı müsahibəsində bildirib ki, hansı formada yayımlanmasından asılı olmayaraq, televiziya bir fəaliyyət sahəsi olduğu üçün tənzimlənməsinə ehtiyac var.
İnternet televiziyası sahəsinin tənzimlənməsi üçün hansı addımların atılacağı ilə bağlı suala MTRŞ sədri “Əgər bu Azərbaycanda praktikada özünü göstərəcəksə, artıq real hadisəyə çevriləcəksə, biz bu barədə düşünə bilərik” cavabını verib.
Xatırladaq ki, bu il aprelin 17-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən kollegiya iclasında nazir bildirmişdi ki, onlayn televiziyalar və müxtəlif kommersiya strukturlarının fəaliyyəti qanuna uyğun olmalıdır və onlar lisenziyalar almalıdırlar, əks halda onların fəaliyyəti dayandırılacaq. Növbəti dəfə bu fikirləri aprelin 21-də Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli «Elektron media: dövlət tərəfindən tənzimləmə və ictimai nəzarət» mövzusunda keçirilən tədbirdə səsləndirmişdi. Bu sahə ilə bağlı ekspertlərin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri məsələyə mənfi reaksiya bildirərək, dünya praktikasında belə halın olmadığını bildirmişdilər.