“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirlənməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2011-ci il tarixli qərarından kasasiya şikayəti verilib. Bu barədə bu gün (16 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkili Rəşid Hacılı məlumat verib.
Onun sözlərinə görə, Ali Məhkəmə bir ay ərzində Eynulla Fətullayevin şikayətinə baxa bilər: “Ali Məhkəmə Avropa Məhkəməsinin qərarı ilə bağlı işə baxarkən Eynullanın günahsız olduğunu təsdiq edib. Biz ümid edirik ki, bu dəfə məhkəmə Avropa Məhkəməsinin müvafiq qərarı olmadan da, özü Eynulla Fətullayevi həbsdən azad edəcək”, – deyə R. Hacılı bildirib.
Xatırladaq ki, Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində Eynulla Fətullayev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.
Habelə Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822 avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.