Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) ölkədə son günlər ərzində keçirilən etiraz aksiyalarını işıqlandıran jurnalistlərin fəaliyyətinə olan təzyiqləri qınayır və bunu ciddi qanun pozuntusu kimi qiymətləndirir.
Belə ki, martın 11-də gənclər tərəfindən təşkil edilən “Böyük xalq günü” aksiyası zamanı Fəvvarələr Meydanı yaxınlığında, Nizami küçəsində (keçmiş Torqovıy) “Turan” İnformasiya Agentliyinin foto müxbir Etimad Budaqovun qarın nahiyəsinə polis tərəfindən zərbə endirilib. Elə həmin gün Bakı Metrosunun 28 may Stansiyası yaxınlığında “Azadlıq” radiosunun foto müxbiri Abbas Atilay da polisin fiziki təzyiqi ilə üzləşib və müxbir sol yanağından xəsarət alıb. Martın 12-də isə Müsavat Partiyası tərəfindən keçirilən etiraz aksiyasında RATİ-nin nümayəndəsi, hüquq müdafiəçisi Rəsul Cəfərov əsassız olaraq saxlanılaraq 28-ci polis bölməsinə aparılıb, onun barəsində inzibati tənbeh tədbiri görməyə cəhd edilib. Yalnız Cəfərovun etirazından və digər hüquq müdafiəçilərinin müdaxiləsindən sonra Cəfərovun anlaşılmamazlıq nəticəsində saxlandığı bildirilib və o sərbəst buraxılıb. Martın 14-də isə yenə də gənclər tərəfindən Bakı Dövlət Universitetinin qarşısında keçirilməsi nəzərdə tutulan, lakin keçirilməyən etiraz aksiyasını işıqlandırmaq üçün Universitetin qarşısına gələn “Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko mülki geyimli şəxslər tərəfindən əsassız olaraq Universitetə aparılıb və bir müddət orda saxlandıqdan sonra sərbəst buraxılıb. “Deyerler.org” saytının əməkdaşı Orxan Rzayev isə Universitetin mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, fotokamerası və mobil telefonu zorla əlindən alınıb və avadanlıqlarının yaddaşları pozulub.
RATİ bəyan edir ki, jurnalistlərin peşə fəaliyyətinə müdaxilə həm yerli, həm də beynəlxalq qanunvericiliklə qadağan edilib və bu cür təzyiqlər Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə ziddir. RATİ hesab edir ki, bu cür halların aradan qaldırılması üçün müvafiq araşdırmalar aparılmalı və təqsirkar şəxslər cəzalandırılmalıdırlar.
RATİ Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı edilən təzyiqlərə son qoyulması üçün praktiki fəaliyyət göstərməyə, təqsirkar şəxsləri müəyyən edərək cəzalandırmağa və gələcəkdə bu cür hərəkətlərin edilməməsi üçün ciddi addımlar atmağa çağırır RATİ eyni zamanda beynəlxalq ictimaiyyətə müraciət edərək, Azərbaycandan üzərində götürdüyü öhdəliklərə riayət etməyi tələb etməyə çağırır.