MÜŞFİQ HÜSEYNOVUN AZAD OLUNMASI İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLİB

Bu gün (07 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Bizim yol” qəzetinin həbsdə olan müxbiri Müşfiq Hüseynovun vərəm xəstəliyi ilə əlaqədar səhhətinin kəskin pisləşməsi və həyatının təhlükədə olması ilə əlaqədar Dəyirmi Masa keçirildi.

RATİ sədri Emin Hüseynov Müşfiq Hüseynovun xəstəliyinin ən təhlükəli həddə olduğunu və vəziyyətinin getdikcə daha da ağırlaşdığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. O bildirdi ki, Müşfiq Hüseynovun həyatda qalması üçün onun azadlıqda, ev şəraitində  müalicə olunması vacibdir. Dəyirmi Masada iştirak edən hüquq müdafiəçiləri və KİV nümayəndələri Müşfiq Hüseynovun həbsdən azad olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət imzaladılar. Müraciətdə deyilir:

Cənab Prezident,

Hazırda 7 jurnalist (2 nəfəri vətəndaş jurnalistikası ilə məşğul olub) əsassız olaraq həbsxanada saxlanılır. Onlardan biri – 5 illik həbs cəzasına məhkum edilmiş “Bizim Yol” qəzetinin müxbiri Müşfiq Hüseynovun həyatı ciddi təhlükədədir. Jurnalist artıq 2 il 5 aydır ki, həbsxana həyatı yaşayır. Bu isə əvvəldən də vərəm xəstəsi olan Müşfiqin vəziyyətini daha da ağırlaşdırıb. Oktyabrın 14-də Müşfiq Hüseynov “sol ağciyərin  infiltrativ  vərəmi  dağılma  fazasında” diaqnozu ilə cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb. İki aya yaxın müalicədən sonra Müşfiqə daha bir diaqnoz – “fibroz  kavernoz” diaqnozu qoyulub. Bu isə Müşfiqin həyatına ciddi təhlükə deməkdir. Xəstəlik artıq öz işini görüb və Müşfiqin ağciyərində iki böyük deşik əmələ gəlib. Bütün bunlardan əlavə, xəstəlik nəticəsində Müşfiqdə depressiya əmələ gəlib və o, iştahasızlıqdan əziyyət çəkdiyi üçün heç cür yemək yeyə bilmir. Bunun nəticəsində mədəsi sallanaraq çanaq sümüyünə dirənib. İştahının  açılması   üçün  əlavə  müalicə  kursunun  aparılmasına  baxmayaraq,  heç  bir  nəticəsi  olmayıb. Həkimlər deyir ki, Müşfiq tezliklə azad edilib normal və depressiyadan uzaq ev şəraitində müalicə almazsa, onun həyatı faciə ilə – ölümlə nəticələnəcək. Jurnalistin həbsxanada dünyasını dəyişməsi agır faciədir və respublikamıza baş ucalığı gətirməyən bir işdir. Bir müddət öncə “Tolişi-Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədov normal müalicə almadığı üçün həbsxanada dünyasını dəyişib.
Müşfiq Hüseynovun himayəsində biri 2 yaşında, digəri isə 4 yaşında olan iki körpəsi və işləmək imkanı olmayan həyat yoldaşı, həmçinin ahıl və xəstə valideynləri var.
Cənab  Prezident, Müşfiq Hüseynovun həyatını xilas etmək və onun tez bir zamanda azadlığa buraxılması üçün Sizi əlinizdən gələ biləcək köməyi əsirgəməməyi xahiş edirik.”
Əlavə edək ki, vərəm xəstəliyindən əziyyət çəkən M.Hüseynov səhhəti kəskin pisləşdiyi üçün 1 ay yarım əvvəl – oktyabrın 14-də cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb.
Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.
 
Previous Post

MÜŞFİQ HÜSEYNOVUN XƏSTƏLİYİ ƏN TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.