MÜŞFİQ HÜSEYNOVUN XƏSTƏLİYİ ƏN TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB

Dünən (06 dekabr) qardaşı Sərvər Hüseynov Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müalicə alan Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovla görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verən Sərvər Hüseynov bildirdi ki, Müşfiq Hüseynovun səhhəti kəskin pisləşib və getdikcə daha da ağırlaşmaqdadır.

“Müşfiq əvvəl “sol ağciyərin infiltrativ vərəmi dağılma fazasında” diaqnozu ilə müalicə müəssisəsinə köçürülmüşdü. İki aya yaxın müalicə almasına baxmayaraq, Müşfiqin xəstəliyi daha da inkişaf etmiş və indi ona “fibroz  kavernoz” diaqnozu qoyulub. Bu isə Müşfiqin artıq ömürlük şikəst olması deməkdir. Ağciyərində bu tərəfdən baxanda o biri tərəfi görünən iki böyük deşik var. İştahasızlıq, halsızlıq, təngnəfəslik və zəifləmə davam edir. Aparılan meyvə, şirniyyat, 10 banka müxtəlif yeməklərdən həftə ərzində yalnız yarım banka yeyə bilib. Gündə bir dəfə çox çətinliklə yeməklərin dadına baxa bilir. İştahasının açılması üçün əlavə müalicə kursunun aparılmasına baxmayaraq, heç bir nəticəsi olmayıb. Mədəsində üçüncü dərəcəli qostroptoz yaranıb. Mədəsi sallanaraq çanaq sümüyünə çatıb. Həkimlər etiraf edir ki, Müşfiq depressiyadan əziyyət çəkdiyinə görə, onu həbsxana şəraitində müalicə etmək qeyri mümkündür” – deyə S.Hüseynov deyib.
Əlavə edək ki, vərəm xəstəliyindən əziyyət çəkən M.Hüseynov səhhəti kəskin pisləşdiyi üçün 1 ay yarım əvvəl – oktyabrın 14-də cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb.
Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

AZƏRBAYCANDA İŞGƏNCƏLƏRƏ MƏRUZ QALMIŞ ŞƏXSLƏRİN SAYI ARTIB

Next Post

MÜŞFİQ HÜSEYNOVUN AZAD OLUNMASI İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.