RAFİQ TAĞININ AİLƏSİ VƏ MƏZARININ MÜHAFİZƏSİ ÜÇÜN PROKURORLUĞA MÜRACİƏT EDİLDİ

dekabr 1st, 2011
Vəkil İsaxan Aşurov mərhum publisist-yazıçı Rafiq Tağının ailəsinin – qardaşları Alim, Rafael və İlqar Tağıyevlərin təhlükəsizliyini təmin etmək xahişi ilə Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova müraciət edib.

“Bizim Yol” qəzetinin məlumatına görə, müraciətdə həmçinin R. Tağının məzarının müdafiəsinin təmin olunması barədə xahiş də yer alıb.

Qeyd edək ki, noyabrın 19-da 61 yaşlı R.Tağı axşam saatlarında işdən
evə dönərkən naməlum şəxsin hücumuna məruz qalıb. O yeddi bıçaq yarası ilə xəstəxanaya müraciət edib, üç gün sonra xəstəxanada qəflətən səhhətinin pisləşməsi nəticəsində dünyasını dəyişdi.  Faktla bağlı cinayət işi açılıb, lakin hələlik cinayətlə bağlı saxlanılan yoxdur.
             Xatırladaq ki, 2006-cı ilin noyabr ayında  işlədiyi "Sənət" qəzetində çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə R.Tağı həbs edilib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına  xoşagəlməz ifadələr işlətməkdə, xristian dəyərlərini islamdan üstün tutmaqda ittiham edirdilər. Yazıya görə İranda Ayətullah-uzma Fazil Lənkərani onun ölümünə fitva da vermişdi.  Bu məqaləyə görə milli, irqi və dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə Rafiq Tağı 3 il, müddətinə azadlıqdan məhrum edilmişdi. Amma onlar 8 aydan sonra prezidentin əfv fərmanı ilə azadlığa çıxmışdılar. Noyabrın 27-də isə İranlı Ayətullah-uzma Fazil Lənkəraninın oğlu, ayətullah şeyx Məhəmməd Lənkərani bu qətli alqışlayan bəyanat yaydı.