Diqqətinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Eynulla Fətullayev barədə Avropa Məhkəməsinin qərarının tətbiqi ciddi qanun pozuntuları ilə həyata keçirilmişdir. Belə ki, Ali Məhkəmə Plenumunun Fətullayevin vəziyyətini ağırlaşdıraraq vergidən yayınma cinayəti üzrə Fətullayevə 2007-ci ildə verilmiş cəzanı artırmaq səlahiyyəti yoxdur. Belə ki, Fətullayev barəsində Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 2007-ci il qərarında vergidən yayınmaya görə jurnalistə 2 ay azadlıqdan məhrum etmə cəzası verilmişdi.
Bu hal faktiki olaraq onu göstərir ki, hakimiyyət Fətullayevi azadlığa buraxmaq niyyətində deyil. Jurnalistə qarşı narkotik ittihamı kimi yeni təxribatlar törədilə bilər ki, burada da əsas məqsəd onun həbsxanada qalmasını uzatmaqdır. Ali Məhkəmə Plenumunun bu qeyri-qanuni hərəkəti də hakimiyyətin belə istəyinin olmasının göstəricisidir.
RATİ hesab edir ki, bu məsələyə ciddi qiymət verilməsə və Fətullayev dərhal azadlığa buraxılmasa, bu faktiki olaraq ümumilikdə Avropa məhkəmə sisteminə, o cümlədən İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına zərbə vuracaq. Eyni zamanda bu prosesin qarşısı qətiyyətlə alınmasa digər avtoritar rejimlərdə bu praktikadan istifadə edərək onların istəmədiyi şəxsləri həbsxanada saxlayacaqlar. Proses Avropa İnsan Haqları Məhkəməsinin nüfuzdan düşməsinə gətirib çıxara bilər.
Biz Nazirlər Komitəsindən göstərilən xüsusatları nəzərə almağı və Fətullayev barəsində Avropa Məhkəməsi tərəfindən çıxarılmış qərarın tam icra edilməsi üçün Azərbaycan hökumətinə çağırış etməyi xahiş edirik.