MÜRACİƏT

Avropa Parlamentinin Prezidenti
cənab Jerzy Buzekə

 Cənab Prezident,
Sizin bir neçə gündən sonra Azərbaycana səfər edəcəyinizi və səfər zamanı demokratiya, insan haqları və qanunun aliliyi kimi mövzularda müzakirələr aparacağınızı nəzərə alaraq Sizə müraciət etmək qərarına gəlmişik.

Avropa Parlamentinin 12 may 2011-ci ildə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qəbul etdiyi qətnamədə bizim bir sıra narahatçılıqlarımız nəzərə alınıb. Bununla belə, ölkədə baş verən insan haqlarının pozulması, xüsusilə söz və ifadə azadlığı sahəsindəki problemləri bir daha diqqətinizə çatdırmaq istərdik.

 “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilmişdi. Onun qətli hələ də açılmamış qalır.

            Elmar Hüseynovun qətli üzrə jurnalist araşdırması aparan həmkarı, “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 2007-ci saxta ittihamlarla həbs edildi. İttihamların saxta olmasını Fətullayevə bəraət verilərək onun dərhal azad edilməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin 2010-cu ilin aprelində verdiyi qərarı sübut edir. Eyni zamanda Avropa Şurası Nazirlər Kabinetinin Avropa Məhkəməsinin qərarının icrasının zəruriliyi ilə bağlı 2 qərarının (2010-cu ilin noyabr və 2011-ci ilin mart aylarında) olmasına baxmayaraq, o hələ də həbsdədir. Ədalətsiz olaraq həbs edilmiş və vicdan məhbusu kimi tanınmış jurnalistin Avropa Məhkəməsi tərəfindən bəraət alacağını bilən hakimiyyət saxlanıldığı həbsxanada jurnalistə qarşı təxribat təşkil edib. Belə ki, 2009-cu ilin dekabrında Fətullayevin üzərinə heroin ataraq onun yeni maddə ilə məhkum edilməsinə nail olub, bu saxta ittiham üzrə o daha 2 il 6 ay həbs cəzası alıb.

            Azərbaycanda jurnalistlərin oğurlanması, döyülməsi və hədələrə məruz qalması davam etməkdədir. Müxalif mövqeyi ilə tanınan “Azadlıq” qəzetinin əməkdaşları Seymur Həziyev və Ramin Deko 2011-ci ilin mart və aprel  naməlum şəxslər tərəfindən oğurlanaraq döyülüblər. 2005-ci ildən etibarən çoxsaylı jurnalistlərə qarşı edilən fiziki və digər təzyiqlər demək olar ki, araşdırılmayıb. Belə ki, bu işlər üzrə heç kim məsuliyyətə cəlb edilməyib.

 Hakimiyyətin söz azadlığına dözülməz münasibəti təkcə jurnalistlərin təqibi ilə bitmir. 2009-cu ilin yanvarında hakimiyyət Amerikanın Səsi, Azadlıq və BBC radiolarının Azərbaycan xidmətlərinin yerli FM dalğalarda yayımlanmasına qadağa qoymuşdur. Nəticədə Azərbaycan vətəndaşları alternativ məlumat almaq imkanından məhrum ediliblər.

Teleradio sektorunun lisenziyalaşdırılması prosesi de fakto hakimiyyət tərəfindən idarə olunur və nəzarətdə saxlanılır, bu da yeni həqiqətən müstəqil teleradio kompaniyalarının açılması imkanını istisna edir. Bu proses həm də ona görə mürəkkəbləşir ki, hakimiyyət xarici investorlarla birgə teleradio kompaniyalar təsis etməyi qadağan edib.

 Ümumrespublika telekanallarının yayımladığı kontentin peşəkar monitorinqi göstərir ki, telekanallarda hakimiyyətin tənqidinə yol verilmir, ictimai-siyasi hadisələrin obyektiv işıqlandırılması əvəzinə telekanallar hadisələri birtərəfli qaydada işıqlandırırlar, hakim qüvvələrin fəaliyyəti yalnız pozitiv tərzdə işıqlandırılır.

            Hazırda sərbəst məlumat yaymaq üçün yeganə yer İnternetdir, lakin bu sahədə də kifayət qədər problem mövcuddur. Faktiki olaraq İnternet trafiki üzərində dövlət inhisarı olduğundan regionda ən yüksək İnternet qiyməti Azərbaycandadır ki, bu da onun əhali tərəfindən əldə edilməsini çətinləşdirir. Azərbaycanda rəsmi internet senzurası olmasa da, sosial şəbəkələrdə fəal gənclərin təzyiqlərə məruz qalması faktları artır. 2009-cu ilin yayında şərlənərək həbs edilən bloggerlər Emin Milli və Adnan Hacızadə hazırda azadlığa buraxılsalar da, onların üzərində şərti həbs cəzası qalır, bunun nəticəsində onlar ölkəni tərk edə bilmirlər. Bu ilin əvvəlində Facebook-da müxtəlif onlayn etiraz aksiyaları təşkil edən Elnur Məcidliyə qarşı cinayət işi açılıb, onun yaxınları işdən qovulub, digər gənc fəallar Bəxtiyar Hacıyev və Cabbar Savalanlı isə saxta ittihamla həbsə atılıblar. Sizin səfər ərəfəsində Cabbar Savalanlı 2 il 6 ay, Bəxtiyar Hacıyev isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

            Bundan əlavə, 2011-ci ilin mart-aprel aylarında dinc etiraz aksiyaları polis zorakılığı nəticəsində dağıdılıb, hazırda 30-dan artıq şəxs faktiki dinc etiraz aksiyalarında iştirak etdiyinə görə iğtişaşlar törətməkdə ittiham olunaraq həbsə atılıblar. Həbsdə saxlanılanların bir neçəsi beynəlxalq ictimaiyyət tərəfindən artıq vicdan məhbusu kimi tanınıb.

Həbs edilənlər arasında hüquq müdafiəçisi Vidadi İsgəndərovun olması və ona qarşı üstündən 6 ay keçəndən sonra 2010-cu ilin parlament seçkiləri ilə bağlı ittihamın irəli sürülməsi də bizi olduqca narahat edir.  

            Qeyd edilən problemləri hakimiyyət nümayəndələri ilə müzakirə etməyinizi və onların həll edilməsi üçün çağırışlar etməyinizi Sizdən xahiş edirik.

   

Previous Post

İNSAN HÜQUQLARI KLUBUNUN BƏYANATI:

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.