İNSAN HÜQUQLARI KLUBUNUN BƏYANATI:

BƏXTİYAR HACIYEVİN AZADLIQDAN MƏHRUM EDİLMƏSİ SİYASİ SİFARİŞDİR

  İnsan Hüquqları Klubu (İHK) mayın 18-də gənc fəal, 2010-cu ilin noyabrında keçirilən parlament seçkilərində namizəd olmuş Bəxtiyar Hacıyevin 2 il müddətinə azadlıqdan məhrum edilməsini kəskin şəkildə qınayır və bunu onun aktiv siyasi fəaliyyətinə görə siyasi sifariş nəticəsində verilmiş “cəza” kimi qiymətləndirir.

Hacıyev Gəncənin Nizami Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) təqsirli bilinib.

 

 İHK bəyan edir ki, Hacıyev 2010-cu il parlament seçkiləri dövründə namizəd kimi çıxışlarında və sosial şəbəkələrdəki, xüsusilə Facebook-dakı yazılarında hakimiyyətin apardığı siyasəti tənqid edən şəxs olub. Məhz bunun nəticəsində seçkilərdən sonra onun təhsil almaq məqsədilə ölkədən çıxmasına bir neçə dəfə icazə verilməyib. Bundan əlavə, o Facebook-da gənclər tərəfindən keçirilən etiraz aksiyasının təşkilatlarından biri olub və məhz bu addımından sonra o dərhal həbs edilib.

 

İHK bəyan edir ki, Hacıyevin Konstitusiyada nəzərdə tutulan alternativ xidmət hüququndan istifadə etməsinə imkan yaradılmayıb. Bu hüququn həyata keçirilməsi üçün müvafiq qanun və qaydaların olmaması Hacıyevin deyil, Avropa Şurası qarşısında alternativ xidmətlə bağlı öhdəlik götürmüş Azərbaycan hakimiyyətinin məsuliyyətidir.

 

İHK hesab edir ki, Hacıyevin tutularkən işgəncələrə və qeyri-insani rəftara məruz qalması, məhkəmə araşdırması zamanı onun vəsatətlərinin çoxunun təmin edilməməsi və onun həmin maddə ilə nəzərdə tutulan ən ağır cəza ilə “cəzalandırılması” bu qərarın siyasi sifariş olduğunu göstərir. Bu qərarla istintaq orqanları və məhkəmələr bir daha hakimiyyətdən asılı olduqlarını və müstəqil şəkildə qərar qəbul edə bilmədiklərini nümayiş etdiriblər.    

 

İHK bir daha bəyan edir ki, hakimiyyətin nümayiş etdirdiyi bu mövqe onun başqa cür düşünən şəxslərə və tənqidə dözümsüzlüyünün göstəricisidir. Bununla da, hakimiyyət bir daha üzərinə götürdüyü öhdəliklərə biganə yanaşdığını göstərmiş oldu.

 

İHK Azərbaycan hakimiyyətindən Bəxtiyar Hacıyevi və son dövrlərdə həbs edilən gənc fəalları dərhal azad etməyi və bu tip həbsləri dərhal dayandırmağı tələb edir. İHK beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətindən insan hüquqlarının müdafiəsi sahəsində üzərinə götürdüyü öhdəliklərə riayət etməyə, adları çəkilən şəxslərin azadlığa çıxması üçün səylərini artırmağa çağırır.

 

*İnsan Hüquqları Klubu 2010-cu il dekabrın 10-da bir neçə hüquq müdafiəçisi (İdrak Abbasov, Emin Hüseynov, Səbuhi Qafarov, Rəsul Cəfərov, Zöhrab İsmayılov, Natiq Cəfərli,  və s.) tərəfindən yaradılan hüquq müdafiə təşkilatıdır.  

 

 

Previous Post

LERİK RAYON TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNİ AĞIR CİNAYƏTDƏ İTTİHAM ETDİLƏR

Next Post

MÜRACİƏT

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.