“GÜZGÜ” QƏZETİNİN MÜXBİRİNİN APELLYASIYA ŞİKAYƏTİ ƏSASINDA MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

yanvar 17th, 2011
Yanvarın 14-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə Abşeron rayon Ceyranbatan qəsəbəsinin bir qrup sakininin – İdris Zeynalov və İmran Novruzovun Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyevə (Kamran Səxavət) qarşı irəli sürdükləri ittiham  üzrə Qubadlı rayon Məhkəməsinin 02 noyabr 2010-cu il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu barədə bu gün (17 yanvar)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) K.Bəyəliyevin özü məlumat verib.  

K.Bəyəliyevin sözlərinə görə, məhkəmədə qarşı tərəfdən  İdris Zeynalov və İmran Novruzov, məhkəmə qərarından şikayətçi qismində isə özü iştirak edib.

K. Bəyəliyev bildirdi ki, istintaqın ciddi aparılması və iş üzrə  şahidlərin yenidən dindirilməsi barədə vəsatət verib. Hakim V. Cəfərov vəsatətin təmin edildiyini bildirərək, prosesi 24 yanvar saat 15:00-a təyin edib.

Xatırladaq ki,  2009-cu il sentyabr ayının 11-də axşam saat 11 radələrində  “Güzgü” qəzetinin müxbiri Kamran Bəyəliyev ilə Ceyranbatan qəsəbəsinin girişində  Bakı-Sumqayıt magistral yolun üstündə  Sabir Qafarova məxsus kafeni icarəyə götürmüş İdris Zeynalov və İmran Novruzov  arasında mübahisə yaranıb. Mübahisə  icarədarların K.Bəyəliyevdən işlətdikləri kafe barədə yazıları  dayandırmağı tələb etmələri ilə başlanıb.  Baş verən hadisə ilə bağlı K.Bəyəliyev haqqında məhkəməyə şikayət edilib. Məhkəmə Bəyəliyev barədə 1 il müddətinə şərti həbs cəzası hökmü çıxarıb.

 “Güzgü”  qəzeti 1992-ci il iyul ayının 22-dən ayda 1 və ya 2 dəfə çap olunan iqtidaryönlü satirik nəşrdir.