Martın 28-də Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə 25 noyabr 2010-cu il tarixində elan edilmiş 103.3 FM tezliyi üzrə radio yayımı üzrə müsabiqəsində iştirak etmiş “Obyektiv – Televiziya və Radio Yayım Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri Emin Hüseynov, Mehman Əliyev və digər iddiaçı Rəsul Cəfərovun Milli Televiziya və Radio Şurasına qarşı bir icraatda birləşdirilmiş iddiaları üzrə məhkəmə prosesi keçirildi.
Proses zamanı iddiaçı Rəsul Cəfərov bildirdi ki, sırf xəbər verilişləri yayımlayacağına görə lisenziyanın “Golden Prince ” MMC-yə verilməsi qanuna ziddir və buna görə də iddia təmin edilərək Milli Televiziya və Radio Şurasının üzərinə 103.3 FM tezliyi üzrə yeni müsabiqə keçirilməsi vəzifəsi qoyulmalıdır.
“Obyektiv – Televiziya və Radio Yayım Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Günay İsmayılova isə bildirdi ki, Milli Televiziya və Radio Şurası hansı əsaslara görə lisenziyanı “Golden Prince” MMC-yə verdiyi əsaslandırmayıb və iddianın təmin edilməsini hakimdən xahiş etdi.
Milli Televiziya və Radio Şurasının nümayəndəsi Toğrul Məmmədov da fikrini əsaslandıra bilmədi, amma iddianın təmin edilməməsini hakimdən xahiş etdi.
Müşavirədən qayıdan hakim iddianın təmin edilmədiyini bildirdi.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurası noyabrın 25-dən dekabrın 25-nə kimi 103.3 FM tezliyi üzrə radio yayımı üçün müsabiqə elan etmişdi. Müsabiqədə üç iddiaçı “Obyektiv-Televiziya və Radio Yayım Şirkəti”, “Golden Prince ” MMC və fiziki şəxs Rəsul Cəfərov iştirak edib. Müsabiqənin qalibi isə “Golden Prince” MMC elan edilib. Müsabiqədə iştirak edən digər iddiaçılar qanunun tələbinə əsasən apellyasiya məhkəməsinə müraciət edib.
Qeyd edək ki, 2009-cu ilə qədər 103.3 tezliyində BBC radiostansiyası yayımlanırdı. Lakin yanvarın 1-dən hökumət BBC-nin və eyni zamanda «Amerikanın səsi» və «Azadlıq» radiolarının yerli tezliklərdə yayımını dayandırıb.