EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİN HƏBSİ BEYNƏLXALQ İCTİMAİYYƏTİN DİQQƏTİNDƏDİR

 “Alumni Network” Gənclər təşkilatının koordinatoru, AN onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin həbsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Azərbaycanda insan hüquqlarının pozulması, xüsusən gənc fəallar Adnan Hacızadə və Emin Millinin həbsi haqda məruzə BMT-nin plenar iclasında müzakirəyə çıxarılıb. Məruzə Cənubi Qafqazda İnsan Hüquqlarını Müdafiə Şəbəkəsi tərəfindən təqdim edilib. Sənəddə ifadə azadlığına ciddi təhlükə olduğu, jurnalistlərin hüquq və azadlıqlarının pozulduğu deyilir. Xüsusən bloqçular Adnan Hacızadə və Emin Millinin həbsi ilə əlaqədar ciddi narahatlıq ifadə olunub. Sənəd BMT İnsan Hüquqları Komissiyasının 96-cı sessiyasında da müzakirə ediləcək.
Qeyd edək ki, İyulun 20-də BMT İnsan Hüquqları Komissiyasının iclasında bir neçə ölkə ilə yanaşı, Azərbaycanda siyasi və vətəndaş hüquqlarının vəziyyəti haqqında məruzə dinləniləcək.

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi də “Azadlıq” radiosuna müsahibəsində gənc fəalların həbsinə münasibət bildirib: “Biz gənclərin həbsindən çox narahatıq və yaxından izləyirik. Bununla bağlı hakimiyyət dairələri ilə danışmışıq. İndi yalnız bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, insan haqları ilə bağlı məsələlər, əlbəttə, Avropa Birliyi ilə Azərbaycan arasında ikitərəfli razılaşmanın bir hissəsidir. Bu, həm də Avropa Şurası, ATƏT çərçivəsində razılaşmaların öhdəliyidir. Vacib olan odur ki, biz həmin hadisəyə reaksiya veririk. Amma mən nə etdiyimizi və hansı planlarımızın olduğunu demək istəmirəm.”

Bundan başqa, Böyük Britaniya parlamenti İcmalar Palatasının 13 üzvü Azərbaycan rəhbərliyinə müraciət imzalayıb. Sənəddə Azərbaycan hakimiyyətinə vətəndaşların siyasi motivlərlə təqibinə son qoymaq, həbsdə olan jurnalistləri, gənc fəallar Emin Milli və Adnan Hacızadəni dərhal azad etmək, Qərb radiostansiyalarının yayımını bərpa etmək çağırışı yer alıb. “Turan”ın məlumatına görə, iyulun 14-də prezident İlham Əliyevin Londondakı rəsmi görüşlərindən birində Böyük Britaniyanın dövlət naziri Baronessa Kinnok Adnan Hacızadə və Emin Millinin azad edilməsi məsələsini qaldırıb.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı gənclərə hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

“HƏMRƏYLİK MARAFONU”NDA İŞTİRAK ET, HƏBSDƏKİ BLOQCULARA DƏSTƏK OL!

Next Post

EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİN APELLASİYA MƏHKƏMƏSİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.