“XƏYAL” TV-NİN HƏBSDƏ OLAN ƏMƏKDAŞLARINA VƏKİLLƏRİ İLƏ GÖRÜŞ VERİLMƏYİB

Hazırda Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanılan Xəyal” telekanalının icraçı direktoru Vüqar Qonaqov və televiziyanın  baş redaktoru Zaur Quliyevə vəkilləri Elçin Sadıqovla görüş verilməyib.

Bu barədə RATİ-yə E. Sadıqovun özü məlumat verib.

 Belə ki, martın 13-də  “Xəyal” telekanalının icraçı direktoru Vüqar Qonaqov, baş redaktor Zaur Quliyev və   daha bir neçə media nümayəndəsi  saxlanılaraq Bakıya gətirilib. Bunlardan daha sonra Poliqon İnformasiya Agentliyinin müxbiri Cəmil Məmmədli, “Xəyal” TV-nin meneceri Zaur Mustafayev, montajçılar Vahid İbrahimovun və İslam Aslanov azad ediliblər. Buna baxmayaraq Vüqar Qonaqov və Zaur Quliyev haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsi tərəfindən irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309.2 (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi açılıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə hər iki media nümayəndəsi haqqında 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Xatırladaq ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2011-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi  və sonra sosial şəbəkələrdə yayılan çıxışında  “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və bu səbəbdən 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib, aksiya iştirakçıları R.Həbibovun evini yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində icra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb.

 

 

Previous Post

APELLYASİYA MƏHKƏMƏSİ GƏNCLƏRİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Next Post

RATİ-NİN QUBA HADİSƏLƏRİ İLƏ BAĞLI HƏBS EDİLƏN MEDİA NÜMAYƏNDƏLƏRİNƏ DAİR BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.