RATİ qeyd edir ki, adı çəkilən jurnalistlərin həbsi çox gizli şəraitdə keçirilib. Faktiki olaraq dünənə qədər jurnalistlər kim tərəfindən və nəyə görə saxlanılmağı nə jurnalistlərin qohumları, nə də həmkarlarına bildirilməyib.
Saxlanıldıqları andan jurnalistlərin yanına onların öz istədikləri vəkilləri də buraxılmır. Bu gün Vüqar Qonaqovun vəkili Elçin Sadıqov bütün zəruri sənədləri təqdim etsə də ona görüş verilməyib. Digər acınacaqlı faktda ondan ibarətdir ki barələrində həbs qətimkan tədbiri seçilən şəxslər dərhal Kürdəxanı istintaq təcridxanasına köçürülməlidirlər, lakin jurnalistlər hələ də Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanılırlar. Qeyd etmək lazımdır ki, həmin idarədə saxlanılan şəxslərə işgəncələr verilməklə xüsusi tanınır.
RATİ hesab edir ki, jurnalistləri Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun çıxışını “Youtube”da yayımlamaqda şübhəli bilərək həbs etdilər. Məhz bu çıxışların internetdə yayımlanması matın 1-də Qubada kütləvi etiraz aksiyalarına səbəb oldu.
Belə ki, bu gün Azərbaycan telekanalları hamısı hakimiyyətin faktiki nəzarəti altındadır. Amma bu telekanallarda çalışan bəzi jurnalistlər əldə etdikləri və ənənəvi televiziyada senzura baxımdan yayımlaya bilmədikləri video görüntüləri “Youtube” və digər video hostinqlər vasitəsilə internetdə yayımlayırlar.
RATİ hesab edir ki, hətta kütləvi etiraz aksiyalarına səbəb olan videoların yayımlanmasına görə jurnalistləri həbsə atmaq yolverilməz haldır . Avropa İnsan Haqları üzrə Məhkəmə presidentlərinə əsasən də jurnalist hətta cəmiyyəti şoka sala biləcək məlumatların yayılmasında tam haqlıdır və bu hüquq Avropa İnsan Haqları və Əsas Azadlıqları üzrə Konvensiyada da əks olunub.
RATİ çox təəssüflə və narahatçılıqla qeyd edir ki, bu gün Azərbaycanda saxlanılan jurnalistlərin sayı 7 nəfərə çatır.
RATİ hesab edir ki, jurnalistlərə qaşı sürülmüş ittihamlar tamamilə əsassızdır və bu həbslərin arxasında hakimiyyətin jurnalistləri susdurmaq məqsədi durur.
RATİ Azərbaycan hakimiyyətinə üz tutaraq saxta ittihamlarla saxlanılan Vüqar Qonaqov, Zaur Quliyevi, Əvəz Zeynallını, Aydın Canıyevi, Ramin Bayramovu, Anar Bayramlını və Ramin Dadaşovu dərhal həbsdən azad etməyə çağırır.
Qeyd edək ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun 2011-ci ilin yekunlarına dair müşavirədə səsləndirdiyi və sonra sosial şəbəkələrdə yayılan çıxışında “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 mata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və bu səbəbdən 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib, aksiya iştirakçıları R.Həbibovun evini yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində icra başçısı Prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarılıb.