“ARTICLE 19” AZƏRBAYCAN HÖKUMƏTİNİ HƏBS OLUNMUŞ JURNALİSTLƏRİ AZAD ETMƏYƏ ÇAĞIRIR

“Article19” təşkilatı avqustun 17-də həbsxanada dünyasını dəyişmiş “Tolışi-sədo” (“Talışın səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ölümü ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, bu xəbər “Article19” təşkilatını dərindən sarsıtmışdır.

“Article19” inanır ki, N.Məmmədov haqsız olaraq həbs edilmişdir  və təşkilat haqsız olaraq həbs edilmiş jurnalistlərin, xüsusilə də  həbsxana şəraitində ciddi  xəstəliyi olan  jurnalistlərin işinə yenidən baxılması üçün Azərbaycan hökumətinə müraciət etmişdir.
“Article 19” məlumatda bildirib ki, yerli hüquq-müdafiə təşkilatları N.Məmmədovun etnik azlığın nümayəndəsi kimi jurnalist fəaliyyətinə görə həbs edildiyini hesab edirdilər.  Ancaq hökumət səhhətinin pisləşməsi ilə əlaqədar onun azad olunması ilə bağlı müraciətlərə məhəl qoymayıb.
“Article 19” təşkilatının icraçı direktoru Aqnes Kallamard bildirib ki, jurnalistləri günahsız olduqları halda həbs etmək və onların xəstə olduqları halda həbsxana şəraitində saxlanılması qəddar cəza növüdür. Hökumətin ifadə azadlığını məhdudlaşdırmaq üçün istifadə etdiyi bu strategiya qəbuledilməzdir. N.Məmmədovun həyatının son günlərini yaxınların əhatəsində deyil, həbsxanada keçirməsi çox acınacaqlıdır.

“Article 19”  “Bizim yol” qəzetinin həbs edilmiş müxbiri, səhhətində ciddi problemləri olan jurnalist Müşfiq Hüseynovun da hələ həbsxanada saxlanmasına diqqət etməyə çağırır və M.Hüseynovun vəkilləri tərəfindən apelyasiya ərizəsində qeyd edilən informasiya azadlığı qanununda tələb olunduğu kimi, Azərbaycan hökumətini sağlamlığı həbsxanada saxlanmasına imkan verməyən məhbusları azad etməyi məqbul sayır.

“Article 19” haqsız olaraq həbs edilmiş  jurnalistlərin işinə diqqətlə baxılması və onların azad edilməsi  üçün hökumətə müraciət etmişdir.

Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədov səhhəti kəskin pisləşdiyi üçün 2009-cu il iyulun 28-də yerləşdirildiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında avqustun 17-də vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

Previous Post

NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİNİN JURNALİSTİN ŞİKAYƏTİ İLƏ BAĞLI ÇIXARDIĞI QƏRAR LƏĞV EDİLDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.