“ÖLKƏ” QƏZETİNƏ QARŞI İDDİAYA SƏBƏB OLMUŞ MƏQALƏ EKSPERTİZAYA GÖNDƏRİLDİ

Bu gün (4 may) Yasamal rayon məhkəməsində hakim Xaqani Məmmədovun sədrliyi ilə “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyevanın “Ölkə” qəzetinə qarşı iddiasına əsasən  məhkəmə  prosesi keçirilib.

Prosesdə iddiaçının nümayəndələri Əvəz Temirxan və Elxan Abbasov, cavabdehlər Rəfael Becanov, Nicat Dağlar (Hüseynov), Nəsimi Şərəfxanlı, Zülfüqar Hüseynov və qəzetin səlahiyyətli nümayəndəsi Azər Rəsulov iştirak edirdi.
Proses zamanı Ə.Temirxan L.Ş.Hacıyevanın “Vikipediya” saytındadakı tərcümeyi-halının iddiaya səbəb olan məqalədəki “KQB Agenti”nin tərcümeyi halı ilə uyğun olduğunu bildirdi və cavabdehlərə ünvanladığı suallarında da bunun səbəbini soruşdu. Cavabdehlərdən Nicat Dağlar L.Ş. Hacıyevanın tərcümeyi halının “Vikipediya”dan götürüldüyünü, lakin həmin məlumatın “KQB Agenti”nin tərcümeyi-halı kimi göstərilmədiyini bildirdi. Digər cavabdehlər də iddiaya səbəb olan məqalənin L.Ş. Hacıyevaya aid olmadığını bildirdilər.
“Ölkə” qəzetinin səlahiyyətli nümayəndəsi Azər Rəsulov da “KQB Agenti”nin L.Ş. Hacıyeva olmadığını və jurnalistin düşüncəsinə görə məhkəməyə verilməsinin düzgün olmadığını qeyd edib.  Daha sonra hər iki tərəf məqalənin linqvistik ekspertizaya göndərilməsi ilə bağlı vəsatət verdi.
Hakim vəsatəti təmin edərək ekspertizanın cavabı gələnə qədər iddianın icraatının dayandırılması ilə bağlı qərar qəbul etdi.
Xatırladaq ki, “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyeva “Ölkə” qəzetinin 11-17 fevral tarixli buraxılışında “”Madam” ləqəbli agent kimdir?” başlıqlı yazısında barəsində həqiqətə uyğun olmayan məlumatların yer aldığını iddia edərək, cavabdehlərin təkzib verməsini, üzr istəməsini və onlardan hər birinin 100 min manat məbləğində cərimələnməsini tələb edib. İddia ərizəsində göstərilib ki, cavabdehlərdən məhkəmə qərarı ilə tutulacaq bütün məbləğ Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın hesabına köçürülsün.
Qeyd edək ki, “Ölkə” qəzeti 2008-ci ilin fevral ayında fəaliyyətə başlayıb və həftədə bir dəfə dərc olunur.
 
Previous Post

VALİDEYNLƏRİ ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜBLƏR

Next Post

DÜNYA MƏTBUAT AZADLIĞI KOMİTƏSİ PREZIDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.