DÜNYA MƏTBUAT AZADLIĞI KOMİTƏSİ PREZIDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB

Dünya Mətbuat Azadlığı Komitəsi “Gündəlik Azərbaycan” və “Realnıq Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin azadlığa buraxılması üçün prezident İlham Əliyevə müraciət edib.

Bu barədə “Azadlıq” radiosu məılumat yayıb. Komitənin sədi Riçard Uinfildin imzaladığı müraciətdə deyilir ki, Dünya Mətbuat Azadlığı Komitəsi dünyanın hər yerindən 45 mətbuat azadlığı qrupunu təmsil edən bir təşkilat kimi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına dəstək olaraq, Azərbaycanda həbsdə olan jurnalist Eynulla Fətullayevin dərhal azadlığa buraxılmasını tələb edir.
Riçard Uinfild bildirir ki, Avropa İnsan Haqları Məhkəməsi yerli məhkəmənin qərarının Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə istintaqı və təqsirsizlik prezumpsiyası şərtlərinə zidd olduğunu da aşkar edib.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.
Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.
Previous Post

“ÖLKƏ” QƏZETİNƏ QARŞI İDDİAYA SƏBƏB OLMUŞ MƏQALƏ EKSPERTİZAYA GÖNDƏRİLDİ

Next Post

CƏLAL ƏLİYEV AZƏR AYXANA QARŞI ŞİKAYƏTİNİ GERİ GÖTÜRDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.