TELEKANALLARLA BAĞLI MƏSƏLƏ MÜBAHİSƏ YARATDI

aprel 7th, 2008

ATƏT tərəfindən bu gün keçirilmiş tədbirdə Söz Azadlığını Müdafiə Komitəsinin sədri Arzu Abdullayeva çıxışında bildirib ki, “Azərbaycanda müstəqil telekanallar yoxdur.

Bütün telekanallar dövlətin nəzarətindədir”. A.Abdullayeva bu sözləri İctimai Televiziya barədə də dedi ”İTV-də gözləntiləri doğrultmadı. Çünki bu kanal da müstəqil şəkildə fəaliyyət göstərmir”.
İctimai Televiziya və Radio Yayım şirkətinin rəhbəri İsmayıl Ömərov Abdullayevanın çıxışına münasibət bildirərkən qeyd etdi ki, İctimai Televiziya müstəqil şəkildə fəaliyyət göstərir. Və nə hakimiyyətə, nə də müxalifətə tabe deyil: “Hakimiyyət məni müxalifətlə işləməkdə, müxalifət isə hakimiyyətlə işləməkdə ittiham edir. Sizi inandırıram ki,  Əli Həsənov və İsa Qəmbərin, Əli Əhmədov və Əli Kərimlinin mənə münasibəti eynidir. Bu məni qayğılandırmır. Mən onlara deyil, ictimai teleradio yayım haqqında qanunla nəzərdə tutulan prinsiplərə tabeyəm. Mən bu vaxta qədər heç bir qanunu pozmamışam”.  
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, “Azərbaycan efiri tamamilə hakimiyyətin nəzarəti altındadır. Mən bir faktı Ö. İsmayılovun nəzərinə çatdırmaq istəyirəm. 13 gündür ki, Azərbaycanın həbsdə və azadlıqda olan ən məşhur jurnalistləri aclıq edirlər. Ancaq Azərbaycan efirində bir süjet belə getmədi. Bu zaman İTV öz fərqini göstərərdi”.
Bu fikirlərə münasibət bildirən MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli bildirib ki, ”doğurdanda bizim kimi bir ölkədə media sahəsində tənzimləyici qurumların vəziyyəti ağırdır. İndiki dövrdə biz münasibətləri çətinləşdirməli deyil, qarşılıqlı addımlar atmalıyıq. Hamımız ortaq bir məxrəc tutmalıyıq. İTV ilə bağlı isə onu deyə bilərəm ki, kanal öz funksiyasını bizim gözlədiyimizdən də yaxşı yerinə yetirir. İstərdim ki, televiziyada müstəqilliklə bağlı sahələrdə problemlər öz həllini tapsın. Ola bilər ki, müxalifətə efirdə onların istədiyi qədər  yer verilmir. Ancaq birinci şəxslər olmasa da , ikinci və üçüncü şəxslər dəfələrlə orada təmsil olunub. Bu məsələlərdə irəliyə addımlar atılmalıdır”.