“YENİ MÜSAVAT” QƏZETİ REDAKSİYASINA BASQIN EDİLİB

oktyabr 14th, 2011
Bu gün (13 oktyabr) saat 12 radələrində bir qrup şəxs  “Yeni Müsavat” qəzetinin redaksiyasına hücum edib. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Yeni Musavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan məlumat verib. 

Baş redaktorun birinci müavininin sözlərinə görə, özlərini Salyan rayon ağsaqqalları kimi təqdim edən həmin adamlar Salyan rayon  icra başçısı haqda qəzetdə vaxtaşırı gedən yazılara etiraz etdiklərini bildiriblər.

 “Özünü rayon Ağsaqqallar Şurasının sədri kimi təqdim edən İmanov Beydulla və onunla bərabər gəlmiş Qulam Sadıqov, Nadir Rüstəmov  hədələyici tonla mənə dedilər ki, bir də qəzetimizdə sözügedən rayonun icra başçısı Tahir Kərimov barəsində tənqidi materiallar getməsin. Dedilər ki,  Tahir müəllim rayonun quruculuq və abadlıq sahəsində böyük işlər görən insandır.  Bu insanlar mənə və qəzetin əməkdaşlarına qarşı ən təhqiramiz və kobud ifadələr işlətməkdən də çəkinmədilər”, – deyə qeyd edən  A.Ayxan bildirdi ki, bu hərəkətindən sonra həmin şəxslərdən dərhal redaksiyadan çıxmalarını tələb edib və həmin şəxslər hədə və təhqirləri davam etməklə redaksiyanı tərk ediblər.  Onun sözlərinə görə, baş verənlərlə bağlı polisə şikayət ediləcək.

Qeyd edək ki, “musavat.com” saytı oktyabrın 12-də “Yeni Müsavat”ın təsisçisi Rauf Arifoğluna özünü Salyan ağsaqqalı kimi təqdim edən bir nəfərin  050 377-98-00 nömrəsindən zəng edərək, baş redaktoru hədələməsi, zəng edən şəxsin icra başçısı haqda çıxan  yazılara görə redaksiyaya basqın ediləcəyini demişdi.