TƏQSİRLƏNDİRİLƏN ŞƏXSLƏR ƏCNƏBİ JURNALİSTLƏRLƏ TANIŞ OLMAQ İSTƏDİKLƏRİNİ İDDİA EDİBLƏR

Bu gün (13 oktyabr) Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silya Devisin döyülməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bu iş üzrə vətəndaşlar Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynov Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) ,127.1(qəsdən sağlamlığa az ağır zərər vurma)maddələri ilə ittiham edilirlər.

Silya Devisin vəkili Elçin Sadıqovun “Obyektiv tv”-yə verdiyi məlumata görə məhkəmə zərərçəkmiş Britaniya vətəndaşı, jurnalist Silya Devisi tərcüməçi ilə təmin edib. Vəkil  dövlət tərəfindən təyin olunan tərcüməçilərin bəzən bilərəkdən düzgün tərcümə etmədiyini  əsas gətirərək  zərərçəkmiş tərəf olaraq  müstəqil tərcüməçi  dəvət etdiklərini bildirib. "Lakin məhkəmə bizim tərcüməçimizin rəsmi olaraq məhkəmədə iştirakına icazə vermədi”, – deyə E.Sadıqov əlavə  edib.

Onun sözlərinə görə hüquqlarını müdafiə etdiyi jurnalist Silya Devis yenidən ifadə verib.

Vəkil bildirib ki, S.Devis  iyunun 15-dən 16-a keçən gecə 4 nəfər naməlum şəxsin onlara hücum etdiyini deyib. Əcnəbi xanım ifadəsində çox qorxduğunu,  həm Amandanın, həm də özünün yerə yıxılıb təpiklə vurulduğunu qeyd edib. Jurnalist onlara xəsarət yetirən şəxslərin üzlərini görmədiyini bildirib.

"Təqsirləndirilən şəxslər bugünki prosesdə  əcnəbi jurnalistlərə  tanış olmaq üçün yaxınlaşdıqlarını bildirdilər", –  deyə vəkil əlavə edib.

Növbəti məhkəmə prosesini oktyabrın 27-nə təyin edilib. Zərərçəkən amerika vətəndaşı Amanda Erikson  bu dəfə də prosesdə iştirak etməyib.

Xatırladaq ki, Amanda Erikson və Siliya Devis yerli QHT-lərlə əməkdaşlıq etməklə yanaşı jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirirlər. Amanda Erikson həmçinin “Vaşinqton post” və “Nyu-York tayms” qəzetləri ilə əməkdaşlıq edir.

 

Previous Post

BAŞ REDAKTORUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

“YENİ MÜSAVAT” QƏZETİ REDAKSİYASINA BASQIN EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.