Martın 18-də “Xətai” Sənət Mərkəzində “Azərbaycanda insan hüquqları müdafiəçilərinə dəstək” adlı fotosərgi başlayandan yarım saat sonra sərgi mərkəz administrasiyasının tələbi ilə yığışdırılıb. Mərkəzin meneceri Nəzakət xanım sərginin məzmunundan xəbərdar olmadıqlarını iddia edərək şəkillərin yığışdırılmasını tələb edib. Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) sədri Şəhla İsmayılova isə əvvəlcədən sərginin insan hüquqlarına həsr olunması barədə mərkəz administrasiyasını xəbərdar etdiklərini bildirib.
Açılış mərasimində çıxış edərkən Şəhla İsmayılova Azərbaycan İnsan Hüquqları Evinin tərəfdaşı olan Qadınlar Cəmiyyətinin sərgi üçün yerin icarəyə götürülməsi və mətbəələrdə fotoların çap olunması ilə bağlı problemlərlə üzləşdiyini deyib. “Bizdən hər yerdə imtina etdilər və Prezident Administrasiyasından icazə almağımızı tələb etdilər. Azərbaycanda insan hüquqlarının müdafiəsinə həsr olunmuş sərginin açılan kimi bağladılması deyilənlərin təsdiqidir”, – deyə İsmayılova qeyd edib.
Qeyd edək ki, sərgiyə 1000-dən çox fotodan seçilmiş 100-dən çox foto çıxarılıb. Onlar müxtəlif KİV-lərin fotoreportyorları tərəfindən təqdim olunub və Azərbaycanda insan hüquqları və azadlıq uğrunda asan olmayan mübarizədən bəhs edir. Sərgi hüquq müdafiəçilərinə onların asan olmayan fəaliyyətində dəstək olmaq məqsədi ilə keçirilib və Norveç XİN, Avropa Komissiyası və İnsan Hüquqları Evi tərəfindən dəstəklənib.