Əvəz Zeynallının apellyasiya şikayəti təmin edilmədi

Martın 15-də Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının və onun vəkili Elçin Sadıqovun apellyasiya şikayəti üzrə proses keçirilib. Şikayət Bakı İstintaq Təcridxanasına qarşı “vəkillə görüşlərdə axtarış aparılmasının, vəkilə təqdim edilmiş ərizənin ələ keçirilməsinin və geri qaytarılmamasının qanunsuz hesab edilməsi” barədə iddia tələbinin təmin edilməməsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 oktyabr 2012-ci il tarixli qərarından verilib. Prosesdə Əvəz Zeynallının özü iştirak edib və məhkəmə şikayəti təmin etməyib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna jurnalistin həyat yoldaşı məlumat verib.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib. 12 mart 2013-cü il tarixində məhkəmə Əvəz Zeynallının 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

Hökumət hüquq müdafiəçilərinin fotosərgisinin keçirilməsinə imkan verməyib

Next Post

Nazirlər Qənimət Zahidə qarşı iddialarını geri götürdülər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.