ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏDƏ İŞTİRAK TƏMİN EDİLMƏYİB

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun Bakı İstintaq Təcridxanasının (BİT) rəhbərliyinə qarşı iddiası üzrə məhkəmə prosesi 2 saylı İnzibati İqtisadi Məhkəməsinin hakimi Rəna Hüseynovanın sədrliyi ilə keçirilib.

Məhkəmə katibi bildirib ki, bütün tərəflərə prosesin vaxtı ilə bağlı bildiriş verilsə də, prosesdə heç bir tərəf iştirak etməyib. Hazırda BİT-də saxlanılan iddiaçı Əvəz Zeynallının da məhkəmədə iştirakının təmin edilməsi ilə bağlı məhkəmənin qərarı da olsa da, BİT rəhbərliyi bunu icra etməyib. Hakim növbəti dəfə belə hal təkrarlanarsa, cərimə olunacaqları barədə BİT rəhbərliyinə xəbərdarlıq edilməsi barədə göstəriş verib. Həmçinin digər iddiaçı – vəkil Elçin Sadıqovun növbəti prosedə iştirakı etməsi üçün Vəkillər Kollegiyasına məlumat verilməsi və məhkəmə prosesinin gedişi ilə bağlı Əvəz Zeynallıya məlumat verilməsilə bağlı sərəncam verib.
Növbəti məhkəmə prosesi 14 avqust  saat 10.00-a təyin olunub.
Qeyd edk ki, Ə.Zeynallı və vəkili Elçin Sadıqov BİT-də görüşlərinin məxfiliyinin pozulması, vəkillə görüşə gələn və gedən zaman heç bir əsas olmadan üzərində axtarış aparılması və digər hüquqlarının pozulması ilə bağlı məhkəməyə şikayət ediblər.
Xatırladaq ki, Əvəz Zeynallı 10 aydır Bakı İstintaq Təcridxanasında saxlanılır. O, Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.
Previous Post

XƏDİCƏ İSMAYILOVANIN “YENİ AZƏRBAYCAN” QƏZETİNƏ QARŞI İDDİASINA BAXILIR

Next Post

RATİ İRAN SƏFİRLİYİ QARŞISINDA PİKET KEÇİRMƏK ÜÇÜN BŞİH-NƏ MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.