Əvəz Zeynallı cəzaçəkmə müəssisəsinə köçürülüb

may 17th, 2013

579556_553424521344056_334107310_n

Mayın 14-də “Xural” qəzetinin həbsdə olan  baş redaktoru Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə bu gün (17 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil E. Sadıqov Əvəz Zeynallının köçürülməsi ilə bağlı əvvəldən ona heç bir məlumat verilmədiyini deyib.

“Qanunvericiliyin tələbinə görə, köçürülmə yalnız Apellyasiya Məhkəməsinin qərarı təqdim olunduqdan sonra mümkündür. Zeynallı cəzaçəkmə müəssisəsinə göndərildikdən 2 gün sonra bu haqda məlumat əldə etmişəm. Bundan başqa əldə etdiyim məlumata görə, Əvəz Zeynallı 15 gün müddətində “karantin”də saxlanılacaq və bundan sonra “zon”a köçürüləcək. Bunu səbəb gətirərək, ona yaxınları ilə görüşmək və telefon əlaqəsi qurmaq qadağan olunub” –deyə bildirən Sadıqov baş redaktora qarşı bu cür sərt münasibətin də kimlərinsə göstərişi ilə həyata keçirildiyini  istisna etmədiyini qeyd edib.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib. Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Apellyasiya məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazılarına görə həbs olunduğunu bəyan edirlər.