ƏVƏZ ZEYNALLI BARƏSİNDƏ SEÇİLMİŞ HƏBS QƏTİMKAN TƏDBİRİ DƏYİŞİLMƏDİ

Bu gün (1 dekabr) Nəsimi rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində Nəsimi rayon Məhkəməsinin 28 oktyabr 2011-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov qarşılığında sərbəst buraxılması üzrə müdafiə tərəfinin verdiyi vəsatətlərə dair məhkəmə prosesi keçirildi.

Məhkəmə  prosesini müşahidə etmək istəyən media nümayəndələrinə prosesin qapalı keçiriləcəyi bildirilib və zala ancaq baş redaktorun vəkili Elçin Sadıqov daxil ola bilib.

Prosesdən sonra vəkil E. Sadıqov məhkəmə barədə media nümayəndələrinə məlumat verərək, prosesdə Ə. Zeynallının da iştirak etdiyini və məhkəmədə müdafiə tərəfin hüquqlarının pozulduğuna  bildirdi: “Dünən məhkəmədən bizə işə hakim Şəlalə Həsənovanın sədrliyi ilə baxılacağı bildirilmişdi. Bu gün məhkəmə zamanı məlum oldu ki, hakim məzuniyyətdə olduğundan işə Etibar Hümbətovun sədrliyi ilə baxılacaq. Məhkəmə başlanan zaman mən vəsatət qaldırdım ki, hüquqlarını müdafiə etdiyim şəxs vəkili ilə birgə əyləşsin. Hakim bu vəsatəti təmin etmədi. Habelə qısa məhkəmə posesindən sonra hakim Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan  tədbiri də dəyişmədən qüvvədə saxlayan qərar verdi”, + deyə vurğulayan  E.Sadıqov onu da bildirdi ki, bu qərardan  apellyasiya şikayəti verəcəklər.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb.

Oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamı saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

HÜQUQ MÜDAFİƏ TƏŞKİLATI RABİTƏ NAZİRLİYİNİ MƏHKƏMƏ VERİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.