HÜQUQ MÜDAFİƏ TƏŞKİLATI RABİTƏ NAZİRLİYİNİ MƏHKƏMƏ VERİB

Bu gün (01 dekabr) Azərbaycan media mərkəzində Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov İfadə Azadlığının Effektiv müdafiəsini təmin etmək məqsədilə “Qaynar xətt” üçün  istənilən qısa nömrənin qanunsuz olaraq RATİ-yə  verilməməsi ilə bağlı mətbuat konfransı keçirib.

RATİ sədri Emin Hüseynov bildirdi ki,  bu gün dövlət orqanının qanunsuz hərəkəti, ayrı-seçkiliyin qadağan edilməsi tələbi  ilə Rabitə və  İnformasiya Texnologiyaları Nazirliyinə qarşı verilmiş iddia ərizəsini 2 saylı Bakı İnzibati-İqtisad məhkəməsinə göndəriblər.

“Bizim təşkilat insan hüquqlarının və ən əsası isə jurnalistlərin hüquqlarını qoruyan bir təşkilat kimi jurnalistlərin hüquqlarının müdafiəsini daha operativ həyata keçirmək üçün “Qaynar xətt ” yaratmaq məqsədilə “911” saylı qısa nömrənin verilməsi xahişi ilə 22 aprel 2011-ci il tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib. Bu zaman Nazirlik bildirib ki, “Telekommunikasiya haqqında ” qanuna əsasən RATİ-yə qısa nömrə ayrıla bilməz. Lakin təşkilatımız yenidən müraciət hazırlayaraq Nazirliyə göndərmiş və qısa nömrənin verilməsini qadağan edən normanın olmadığını qeyd etmişdir. Bundan sonra nazirlik bildirmişdir 911 saylı deyil, amma başqa nömrə RATİ-yə ayrıla bilər. Bizdə hər hansı bir nömrənin verilməsini və  eyni  zamanda Nazirlik tərəfindən tələb edilən nömrə resurslarının ayrılmasına və istifadəsinə görə 2800,00 manat məbləğində birdəfəlik və 840,00 manat məbləğində  illik ödənişləri ödəməyə hazır olduğumuzu  da Nazirliyə bildirmişdik. Təşkilatımızın bu  “Qaynar Xətt”-i yaratması üçün İnternational Media Support  təşkilatı maliyyə yardımı ayırıb”,-deyə Hüseynov qeyd etdi.

E. Hüseynov onu da qeyd etdi ki, RATİ sənədləri hazırlayaraq 10 avqust tarixində nazirliyə göndərsə də 2 ay ərzində nazirlikdən cavab gəlmədi. “Çoxsaylı sorğu və  müraciətlərimizə cavab olaraq nazirlik bildirdi ki, Beynəlxalq təcrübəyə görə təşkilatımıza üçrəqəmli qısa nömrə ayrıla bilməz.  Lakin sonra biz araşdırma apardıq və gördük ki, nazirlik tərəfindən fəaliyyəti mühüm əhəmiyyət kəsb etməyən Məhdud Məsuliyyətli Cəmiyyətlərə (Neptun-S” MMC (162), Embawood MMC(126), “118 Xidməti” MMC (118), “CARGO.AZ” MMC (166),  “Veysəloğlu” MMC (924), “AzTexServis”MMC (929), “Avro Med Company” MMC (939), “Modern Hospital” MMC (949), “HB Co LTD” MMC (959), “Azerin ” MMC-188, “Smart Sistems Technoloji” MMM (160), “AzəriKard” MMC (194), “Az-Evro Tel”MMC (197) qısa nömrələr ayrılıb. Onu da qeyd etmək istəyirəm ki, Nazirlik tərəfindən ayrılmış bu qısa nömrələrin əksəriyyəti işləmir, bəziləri isə faksa qoşulub. Onu da əlavə edim ki,  Nazirlik tərəfindən hətta fiziki şəxs Eyvazova Aytən Əli qızına da 130 saylı qısa nömrə ayrılıb. Halbuki bu şəxsin nə işlə məşğul olduğu da bəlli deyil. Eyni zamanda bu nömrə də işləmir”, -deyə RATİ sədri əlavə edib.

RATİ-nin hüquqşünası Günay İsmayılova bildirdi  ki, RATİ 27 oktyabr tarixində informasiya sorğusu ilə nazirliyə müraciət etmiş və nazirlik tərəfindən ayrılmış qısa nömrələrin bəzilərinin hansı səbəbdən işləməməsi, faksa qoşulması və  eyni zamanda bu nömrələr ayrılmış Məhdud Məsuliyyətli Cəmiyyətlərin, fiziki şəxsin fəaliyyətinin nədən ibarət olması barədə məlumatların təqdim edilməsini xahiş etmişdir.

”RİTN bu sorğuya natamam cavab verib və buna görə də RATİ cavabdehin hərəkətinin  qanunsuz hesab edilməsi, informasiyanı tam  təmin etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə qarşı iddia qaldırıb. İş hakim Rəna Hüseynovanın icraatındadır və yaxın günlərdə məhkəmə çəkişməsi başlayacaq”,-deyə hüquqşünas qeyd edib.

Emin Hüseynov onu da əlavə edib ki, jurnalistlərə çoxsaylı təzyiqlər edilir, son olaraq Rafiq Tağının ölümü ifadə azadlığı sahəsində vəziyyətin təhlükəli olduğunu göstərir və Qaynar Xətt yaradılması da  indiki vəziyyətdə mühüm əhəmiyyət kəsb edir ki, hücuma məruz qalmış şəxslər RATİ ilə daha operativ əlaqə yarada bilsinlər.

           

Previous Post

“SƏRHƏDSİZ REPORTYORLAR” NAXÇIVANLI JURNALİSTƏ MADDİ YARDIM GÖSTƏRİB

Next Post

ƏVƏZ ZEYNALLI BARƏSİNDƏ SEÇİLMİŞ HƏBS QƏTİMKAN TƏDBİRİ DƏYİŞİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.