“Azadlıq” qəzetinin Gəncəbasar müxbiri Ərşad İbrahimli polis şöbəsinə çağırılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Ə. İbrahimli bildirib ki, yanvarın 14-də Gəncənin Nizami rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarılıb.
Dəfələrlə belə təzyiqlərlə üzləşdiyini deyən Ə.İbrahimli bu dəfə təqiblə üzləşməsinə bir neçə gün öncə bir qrup təhsil işçisinin İcra Hakimiyyətinin qarşısında keçirmək istədikləri aksiyanı işıqlandırdığının səbəb olduğunu ehtimal edir.
Gəncə şəhər Nizami RPŞ-nin rəisi Ağahüseyn Məmmədov RATİ əməmkdaşı ilə telefon əlaqəsi zamanı jurnalistin polis idarəsinə çağırılmasını təsdiqləyib. Ə.İbrahimlinin hansı səbəbdən polisə çağırılmasına isə rəis aydınlıq gətirməyib. “İstənilən şəxs polis şöbəsinə çağırıla bilər. Bunun üçün rəsmi çağırış vərəqəsi vacib deyil. O, sadəcə yersiz hay-küy salır” – deyən polis rəisi əlavə etdi ki, Ə.İbrahimli çağırılmağının səbəbini isə şöbəyə gələrək öyrənə bilər.
Qeyd edək ki, “Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.