EYNULLA FƏTULLAYEV PROKURORLUĞA İFADƏ VERİB

“Gündəlik Azərbaycan”  və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev cərimə təcridxanasına salınarkən əməliyyat şöbəsinin əməkdaşları tərəfindən  ona qarşı edilən işgəncə faktları ilə bağlı yanvarın 15-də Bakı İstintaq Təcridxanasında Qaradağ Rayon Prokurorluğuna ifadə verib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun atası Emin Fətullayev məlumat verib.
Qeyd edək ki, dekabrın 29-da Fətullayevin üzərindən 0,22 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı yaxın vaxtlarda öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi.

Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

“AZADLIQ” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ POLİSƏ ÇAĞIRILIB

Next Post

“MOZALAN” JURNALININ MƏTBUAT ŞURASINA QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.