„AZADLIQ“ QƏZETİNİN ƏMƏKDAŞI DİN-DƏ İFADƏ VERİB

     Mayın 24-də “Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko Daxili İşlər Nazirliyində ifadə verib.  Bu barədə Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutuna (RATİ) Ramin Dekonun özü məlumat verib.

  Ramin Dekonun sözlərinə görə, Avropa Parlamentinin İnsan Hüquqları üzrə Yardımçı Komitəsinin sədri Heidi Kontola Daxili İşlər Naziri Ramil Usubova bir neçə nəfərin işinin araşdırılması, nəticələri barədə cəmiyyətə məlumat verilməsi xahişi ilə məktub göndərib. “Komitə sədrinin araşdırılmasını istədiyi işlər arasında mənim oğurlanmağım və döyülməyim də var. Bununla bağlı məni mayın 24-də Daxili İşlər Nazirliyinə çağırmışdılar“, – deyə qeyd edən   Ramin Deko bildirdi ki,  DİN-in Daxili Təhqiqatlar İdarəsində baş inspektor polkovnuk-leytenant Hikmət Babayev ondan izahat alıb.

“Hadisənin necə baş verdiyini danışdım. Aprelin 3-də oğurlanmağım, 4-də döyülməyim faktını izahatda yazdım. Sonra məni Daxili Təhqiqatlar İdarəsinin rəis müavini polkovnik-leytenant Əziz Hidayevin yanına apardılar. Onunla söhbət etdik, hadisələrin necə baş verdiyini ona da danışdım. Mənə dedilər ki, iş obyektiv, hərtərəfli araşdırılacaq”, – deyə Ramin Deko əlavə edib.
            Xatırladaq ki, “Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko  aprelin 3-də naməlum şəxslər tərəfindən oğurlanmış, bir gün sonra isə naməlum şəxslərin fiziki hücumuna məruz qalmışdı.

Qeyd edək ki, "Azadlıq" qəzeti 1989-cu il dekabrın 24-dən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

BƏXTİYAR HACIYEVİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB

Next Post

DƏVƏTNAMƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.