AZƏR AYXANIN VƏKİLİ MƏHKƏMƏ HEYƏTİNƏ ETİRAZ ETDİ

Bu gün (06 may) Nizami rayon Məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə “İdeal” qəzetinin həbsdə olan baş redaktoru Nazim Quliyevin,  “Binə” Ticarət Mərkəzinin direktoru Dilşad Əmirovanın  və Nazim Quliyevin qardaşı Bəhruz Quliyevin “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini  Azər Ayxana qarşı  xüsusi ittiham qaydasında qaldırdıqları iddia əsasında məhkəmə prosesi keçirilib. 

İclasda ittihamçıların vəkilləri Vüqar Xasayev, Elbrus Sarıvəlli, cavabdeh tərəfdən isə Azər Ayxan və vəkili Elçin Sadıqov iştirak edirdilər.
Məhkəmə prosesində cavabdehin vəkili Elçin Sadıqov məhkəmə heyətinə etirala bağlı vəsatət qaldırdı. O, hakimin məhkəmə hazırlıq iclası keçirmədən iddianı icraata götürməsini, iddiaçı Bəhruz Quliyevin xüsusi ittihamla ərizə vermədiyi halda onun xüsusi ittihamçı kimi tanınmasını, habelə Ziya Əliyevin Nazim Quliyevin  “Xəzər Lada” və Vergilər Departamentinə qarşı qaldırdığı iddiaları təmin etdiyini əsas gətirərək hakimə etirazını bildirdi.
Vəsatəti baxılması üçün qəbul edən hakim, prosesi qeyri-müəyyən vaxta təxirə saldı.  
Qeyd edək ki, iddiaya 2008-ci ilin noyabr ayından başlayaraq qəzetin 10 sayında iddiaçılar barəsində dərc olunan 20 məqalə səbəb olub. İddiaçılar “Nazim Quliyev PKK-nı təbliğ edir”, “Nazim Quliyevin arxasında kim durur”, “Nazim Quliyev yenə Bəylər Əyyubovun adından istifadə edir”, “Nazim Quliyev Apellyasiya Məhkəməsinə 350 min manat rüşvət vermək istəyir” və digər yazılarda böhtana məruz qaldıqlarını, təhqir olunduqlarını hesab edərək, A.Ayxanın CM-nin 147.2. (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci maddəsi (təhqir) ilə cinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılmasını istəyiblər.
Xatırladaq ki, “İdeal” qəzetinin təsisçisi N.Quliyev diffamasiya maddələri ilə 20 may 2009-cu il tarixdə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan ona qarşı  15 yanvar 2009-cu ildə isə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirli bilinərək, 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. N.Quliyevin həbsindən sonra “İdeal” qəzeti nəşrini dayandırıb. 1998-ci ilin noyabr ayından fəaliyyət göstərən “İdeal” qəzetinin nəşrində dəfələrlə fasilələr olub. Bu fasilələr əsasən təsisçi Nazim Quliyevin həbsləri ilə bağlı olub.
Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.
 
Previous Post

ƏYYUB KƏRİMOVUN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES MAYIN 13-DƏ DAVAM EDƏCƏK

Next Post

Azər Ayxanın vəkili məhkəmə heyətinə etiraz edib 06.05.2010

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.