Hökumət seçki sonrası repressiyaya start verib

Bəyanat

Oktyabrda keçirilmiş prezident seçkilərinin ardınca Azərbaycan hökuməti vətəndaş cəmiyyəti və mediaya qarşı geniş miqyaslı repressiyaya start verib, deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün bildirib.

Belə ki, dünən, prezident seçkiləri zamanı baş vermiş qanun pozuntuları barədə məlumatlar yaymaqla hökumətin qəzəbinə səbəb olmuş müstəqil seçki müşahidə təşkilatı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT ofisində bir qrup polis müstəntiqi tərəfindən reyd keçirilib.

Reyd dünən Bakı vaxtı ilə saat 11-də başlamış və günorta saat 4-ə qədər davam etmiş, təşkilatın kompüterləri və sənədləri müsadirə edilmişdir. Apa.az xəbər agentliyinin verdiyi məlumata görə, Baş Prokurorluq tərəfindən “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzində yol verilmiş qanun pozuntuları ilə bağlı araşdırmalara başlanılıb”.

Seçki monitorinqi ilə məşğul olan QHT-nin ofisində həyata keçirilmiş bu reyd ölkədə insan hüquqları və siyasi sahədə yaşanan böhranın daha da dərinləşdiyindən xəbər verir. “Bu, hökumət tənqidçilərinə aşkar mesajdır ki heç kəs prezident seçkisinin legitimliyinə şübhə salacaq bir məsələyə qarışmasın” deyə RATİ sədri və direktoru Emin Hüseynov bildirib.

“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi tərəfindən azad və ədalətli seçki uğrunda həyata keçirilən iş Azərbaycanın beynəlxalq, xüsusilə də Avropa Şurası və ATƏT qarşısındakı öhdəliklərinin həyata keçirilməsinə öz töhfəsini verib. Hökumət bu işi dəyərləndirməli və təşikilata qarşı təzyiqlərə dərhal son verməlidir” deyə Hüseynov əlavə edib.

RATİ hesab edir ki, hökumət öz tənqidçilərinə, xüsusən də seçki dövründə fəal olan şəxslərə qarşı onların nüfuzdan salınmasına hesablanmış sistematik təqib kampaniyası həyata keçirir.

Belə ki, hökumətin ən sərt tənqidçilərindən biri olan “Azadlıq” qəzetindən hökumət səviyyəsində korrupsiya faktlarının və seçki saxtakarlıqlarının ifşasına görə məhkəmələrin əli ilə qisas alınır. Bir neçə gün öncə “Azadlığ”ın bank hesabına qəzet barəsində diffamasiya iddiası əsasında çıxarılmış böyük məbləğdə cərimənin ödənilməməsinə görə həbs qoyulub. “Vəziyyət çox kritikdir. Qəzet 24 illik fəaliyyətindən sonra bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. İndiyə kimi heç vaxt hökumət medianı susdurmaq üçün bu qədər dərininə getməyib” deyə Hüseynov bildirib.

RATİ Azərbaycan hökumətini medianın, vətəndaş cəmiyyətinin və fəalların təqibinə son qoymağa və ifadə azadlığını real olaraq hamı üçün təmin etməyə çağırır.

RATİ xatırladır ki, prezident seçkisindən bir ay belə keçməmiş, müstəqil KİV-lər və hüquq müdafiəçiləri misli görünməmiş repressiya və təzyiqlərə məruz qalıb, cinayət təqiblərinin sayında artım müşahidə olunmağa başlayıb. RATİ Azərbaycan hökumətini həbsdə olan bütün jurnalistləri, müxalifət fəallarını və hüquq müdafiəçilərini azad etməyə çağırır.

RATİ Azərbaycan hökuməti tərəfindən Avropa Şurası, Avropa Birliyi, ATƏT və BMT kimi beynəlxalq və regional təşkilatların ifadə azadlığı da daxil olmaqla insan hüquqlarını qorumaq barədə çağırışlarına əməl olunmamasını pisləyir.

Previous Post

Jurnalisti 10 il azadlıqdan məhrum edə bilərlər

Next Post

Məhkəmə yayım firmalarına “Azadlıq” qəzetinə pul ödəməyi qadağan edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.