NEMƏT PƏNAHLI HƏBS EDİLDİ

Dünən (11 yanvar)  Nəsimi rayon Məhkəməsində hakim Səyyad Qəfaninin sədrliyi ilə vətəndaş Eldar Rzayevin şikayətinə əsasən  Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı və onun dostu Ceyhun Fərzullayevə qarşı Cinayət Məcəlləsinin  (CM) 221.3-cü (silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə növbədənkənar məhkəmə prosesi keçirilib. Bu barədə bu gün (11 yanvar) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) N. Pənahlının vəkili Elçin Sadıqov məlumat verib.

E. Sadıqov bildirdi ki, müdafiə etdiyi şəxslərin işini aparan Nəsimi Rayon Polis İdarəsinin  müstəntiqi Müşfiq Əliməmmədov rayon prokurorluğuna həbs-qətimkan tədbirinin seçilməsi haqda vəsatət vermişdi:

“Nəsimi rayon prokuroru Aqşin Ziyadov  vəsatətin əsaslı olub-olmadığına baxdıqdan sonra məhkəməyə təqdimat verəcək.   İki saat çəkən iclasda hakim onların hər ikisinin barəsində iki ay həbs-qətimkan tədbiri seçilməsi barədə qərar çıxartdı. Bu gün isə N. Pənahlı və C. Fərzullayev Bakı İstintaq Təcridxanasına köçürüləcəklər”.

Qeyd edək ki, dünən keçirilən məhkəmə prosesinin saat 14:00 və 15:00 arası keçiriləcəyi bildirilsə də, məhkəmə prosesi axşam saatlarına qədər uzanıb və media nümayəndələri məhkəmə zalına buraxılmayıb.

Xatırladaq ki, Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı yanvarın 8-də mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsi (RPİ) 21-ci polis bölməsinə aparılıb. N.Pənahlının saxlanmasına səbəb yanvarın 7-də vətəndaş Eldar Rzayevin polisə müraciəti olub. O, Mirəli Qaşqay küçəsində N. Pənahlı və onun tanışı Ceyhun Fərzullayev tərəfindən yumruq və metal əşya vasitəsilə  döyüldüyünü iddia edərək, polisə müraciət edib. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin  (CM) 221.3-cü (silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb.

            Yaxınlarının verdiyi məlumata görə, əslində N.Pənahlı namizəd kimi iştirak etdiyi 7 noyabr 2010-cu il parlament seçkiləri zamanı, seçkilərdən sonra mətbuatda, xüsusilə də “Nota PS” qəzetlərində dərc olunan sərt fikirlərinə görə şərlənərək həbs edilib.

Qeyd edək ki, Nemət Pənahlı 1962-ci ildə Naxçıvanda anadan olub. 1980-ci illərin sonunda xalq azadlıq hərəkatına qoşularaq onun öncül simalarından olub. Azərbaycan Xalq Cəbhəsinin qurucularındandır. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin tərəfdarlarına qoşulub və mərhum prezidentin hakimiyyətinin ilk illərində Prezident Administrasiyasında yüksək vəzifədə işləyib. 1995-ci ildə parlament seçkisinin saxtalaşdırıldığını  iddia edərək istefa verib.

Bir müddət fəal siyasətdən uzaqlaşan Nemət Pənahlı 2010-cu il noyabrında 7-də keçirilən parlament seçkisində 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Seçkiyə bir həftə qalmış namizədlərdən birinin xeyrinə saxtakarlıq ediləcəyi iddiası ilə kampaniyanı dayandırıb.

 

 

Previous Post

AZƏRBAYCANDA DİNDARLARIN KÜTLƏVİ ŞƏKİLDƏ TERROR İTTİHAMI İLƏ HƏBSİ BAŞLANIB

Next Post

DÜNYA AZƏRBAYCANLILARI YAZARLAR BİRLİYİNİN SƏDRİ SAYMAN ARUZ İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.